Ölkədə makroiqtisadi sabitliyin, maliyyə bazarlarının dayanıqlığının və sabitliyinin təmin olunması məqsədilə Mərkəzi Bank saxlanılan məcburi ehtiyatlar üzrə kredit təşkilatlarına faizlər ödəmək hüququna malik olacaq.
Fins.az xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Faizlərin ödənilməsi barədə qərar Mərkəzi Bankın İdarə Heyəti tərəfindən qəbul ediləcək. Faizlər İdarə Heyətinin qərarında göstərilən müddətdə ödəniləcək və məcburi ehtiyatlar saxlayan bütün kredit təşkilatlarına şamil ediləcək.
Hazırda məcburi ehtiyatlar təmin edilmədikdə Mərkəzi Bank ehtiyatı təmin etməyən kredit təşkilatına və onun inzibatçılarına qarşı İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərini tətbiq edir. Layihəyə əsasən, saxlama dövrü ərzində kredit təşkilatı tərəfindən məcburi ehtiyatların hesablanması və ya saxlanması qaydası pozulduqda, Mərkəzi Bank saxlama dövründə məcburi ehtiyatların təmin edilməmiş məbləğinə saxlama dövründə saxlanılmalı valyutanın emitenti olan mərkəzi bankın orta günlük uçot dərəcəsinin 2 misli, pozuntuya bir təqvim ili ərzində 3 və ya daha artıq halda yol verildikdə orta günlük uçot dərəcəsinin 3 misli məbləğində maliyyə sanksiyası tətbiq edəcək (bütün hallarda uçot dərəcəsi bir faizdən az olduqda maliyyə sanksiyasının hesablanması zamanı uçot dərəcəsi bir faiz kimi nəzərə alınır):
Maliyyə sanksiyasının məbləği məcburi ehtiyatın təmin edilməməsi aşkar edildiyi gündən 5 (beş) iş günü müddətində bu halın aşkar edildiyi gün üçün Mərkəzi Bank tərəfindən müəyyən edilən rəsmi məzənnəyə uyğun olaraq manat ekvivalentində hesablanır və kredit təşkilatının Mərkəzi Bankdakı milli valyutada olan müxbir hesabından, bu hesabda kifayət qədər vəsait olmadıqda Mərkəzi Bankdakı xarici valyutada olan müxbir hesablarından (məcburi ehtiyatın təmin edilməməsinin aşkar edildiyi gün üçün Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun olaraq) tutulur.
Məcburi ehtiyatlar normasının təmin edilməməsinə görə maliyyə sanksiyasının tətbiqi ilə yanaşı, Mərkəzi Bankın İdarə Heyəti müvafiq kredit təşkilatının açıq bazar əməliyyatlarında iştirakını və ya ayrı-ayrı bank əməliyyatları aparmasını məhdudlaşdırmaq hüququna malikdir. Hər hansı kredit təşkilatında Mərkəzi Bankın tətbiq etdiyi likvidlik normativlərindən kəskin kənarlaşma halında Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə həmin kredit təşkilatı məcburi ehtiyatların saxlanması tələbindən müvəqqəti azad edilə bilər.