RƏSMİ

02 İyun

Dövlət Gömrük Komitəsi vasitəsilə büdcə daxilolmaları proqnozu 19.3% artırılıb

2023-cü ilin dövlət büdcəsinə Dövlət Gömrük Komitəsi (DGK) xətti ilə təmin olunmalı gəlirlər ilkin olaraq 4803,3 mln. manat proqnozlaşdırılıb, yenidən baxılma zamanı 924,7 mln. manat artırılaraq 5728 mln. manata yüksəldilib.

Fins.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinə Hesablama Palatasının Rəyi”ndə əksini tapıb.

Qeyd edək ki, gəlirlərin mədaxil mənbələri üzrə bölgüsünün təhlilinə əsasən, 2023-cü ilin təsdiq edilmiş göstəriciləri ilə müqayisədə əlavə artımın malların idxalına əlavə dəyər vergisi və gömrük rüsumları hesabına təmin olunacağı nəzərdə tutulub.

Xatırladaq ki, yenilənən proqnoz 2022-ci ilin icrasından cəmi 73,4 mln. manat və ya 1,3% çoxdur.