Baxılan dövrdə cüzi iqtisadi artım qeydə alınıb, neft hasilatının azalması iqtisadi artım tempinin zəifləməsinə təsir edib, bu dinamika ÜDM-in real artım tempinin yenidən baxılma zamanı azaldılması ilə nəticələnib.
Fins.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinə Hesablama Palatasının Rəyi”ndə əksini tapıb.
Qeyd edilib ki, cari ilin yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatında yaradılmış əlavə dəyər 39986,5 mln. manat olmuş, iqtisadi artım tempi 0,1% təşkil etmişdir. Cüzi artım tamamilə qeyri-neft/qaz sektoru hesabına təmin edilmiş, bu sektorun 1,5 faiz bəndi artırıcı təsiri neft-qaz sektorunun 1,4 faiz bəndi azaldıcı təsirini üstələmişdir. Qeyri-neft/qaz sektorunun artımına müsbət töhfəni əsasən turizm və tikinti sektoru vermiş, azaldıcı təsir təkcə nəqliyyat sektorundan formalaşıb. Neft-qaz sektorunun azalması isə qaz hasilatının artımı fonunda neft hasilatının 8,0% azalması ilə izah olunur. 2023-cü ilin dövlət büdcəsinə yenidən baxılma zamanı ÜDM-in 111,6 mlrd. manatadək artırılması, iqtisadi artım tempinin isə 1,8%-ə endirilməsi nəzərdə tutulur. ÜDM-in nominal məbləğində nəzərdə tutulan artımın həm neft-qaz, həm də qeyri-neft/qaz sektoru hesabına təmin olunacağı proqnozlaşdırılır. Belə ki, dürüstləşdirilmiş proqnozda 5,6 mlrd. manatın 4,4 mlrd. manatının qeyri-neft/qaz, 1,2 mlrd. manatının isə neft-qaz sahələrindən formalaşacağı gözlənilir. Neft-qaz sektoru üzrə artım neftin qiymətinin yenidən baxılan “Büdcə zərfi”ndə 10,0 ABŞ dolları çox olmaqla, 60,0 ABŞ dolları hesablanması ilə əlaqəlidir. İqtisadi artım tempinin daha az nəzərdə tutulması yalnız neft-qaz sektorundan qaynaqlanır. Belə ki, neft-qaz sektoru üzrə ilkin olaraq proqnozlaşdırılmış artımın təxminən 1,5% azalma ilə (hesablamalarımıza əsasən) əvəzlənəcəyi gözlənilir. Qeyd edək ki, yenidən baxılma zamanı iqtisadi artım üzrə dəqiqləşdirilmiş məlumatların məhdud olmaqla yalnız icmal göstəricilər şəklində təqdim olunması bu istiqamətdə rəy verilməsinə təsir etmişdir. İlk 4 ay üzrə iqtisadi meyillərin təhlilinə əsaslanaraq Hesablama Palatası ilin sonunda həm neft, həm də qeyri-neft sektorları üzrə ÜDM-in nominal məbləğinin dürüstləşmiş göstəricidən daha çox olacağı qənaətinə gəlib.