RƏSMİ

02 İyun

Hesablama Palatası: Büdcə kəsirinin məbləği proqnozlaşdırıldığından az olacaq

Hesablama Palatası 2023-cü ilin ilk 4 ayı üzrə dövlət büdcəsinin icrası ilə bağlı təqdim edilmiş məlumatların təhlilinə əsaslanaraq cari ilin sonunda büdcə kəsirinin məbləğinin proqnozlaşdırıldığından az olacağı qənaətindədir.

Fins.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinə Hesablama Palatasının Rəyi”ndə əksini tapıb.

Qeyd edilib ki, yenidən baxılan dövlət büdcəsi layihəsində dövlət büdcəsinin kəsirinin 210,0 mln. manat artırılaraq 2789,3 mln. manat olması nəzərdə tutulub. Təqdim edilmiş məlumatlara əsasən, kəsirin artımının maliyyələşdirilməsinin cüzi hissəsinin özəlləşdirilmədən daxilolmalar olmaqla əsas hissəsinin daxili borclanmadan cəlb olunan vəsait hesabına təmin olunacağı qeyd edilib. Cari ilin dövlət büdcəsinin 4 aylıq icra göstəricilərinə əsasən DNF-dən dövlət büdcəsinə köçürülən transfertin proqnoza qarşı az icrası şəraitində əsas gəlir inzibatçıları üzrə DVX və DGK üzrə nəzərdə tutulmuş məbləğdən əhəmiyyətli dərəcədə artıq yığımlar büdcədə profisiti (3235,2 mln. manat) şərtləndirmişdir. Dövlət büdcəsinin həm neft, həm də qeyri-neft sektoru üzrə gəlirlərində mövcud potensialın bir hissəsinin büdcənin icrası prosesində reallaşması, xərclərin isə proqnoza nəzərən az icra edilməsi ehtimalları 2023-cü ildə gözlənilən büdcə kəsirinin və kəsirin maliyyələşdirilmə mənbələri üzrə daxilolmaların (xüsusilə borclanma üzrə) proqnozlaşdırıldığından az olacağını deməyə imkan verir.