Azərbaycan Metrologiya İnstitutu ilə Qazaxıstanın və Özbəkistanın Milli Metrologiya İnstitutları arasında əməkdaşlığın genişləndirilməsinə dair Yol Xəritəsi imzalanıb.
Fins.az xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Metrologiya İnstitutunun nümayəndələri Astana şəhərinə səfər ediblər. Səfər çərçivəsində nümayəndə heyəti Qazaxıstanda metrologiya sahəsinin 100 illiyi münasibətilə keçirilən “Ölçmələr qlobal etimadın əsası kimi” beynəlxalq elmi-praktik konfransda iştirak edib.
Konfrans çərçivəsində iştirakçı dövlətlər Avrasiya Ölkələrinin Dövlət Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatının (COOMET) 34-cü iclasına qoşulublar. İclasda rəqəmsal həllərin tətbiqi, ekspertlərin hazırlanması, sahə üzrə əməkdaşlıq sazişləri və yol xəritələri müzakirə edilib, iştirakçı ölkələrdə metrologiya sisteminin inkişafı üçün strategiya və tövsiyələr təklif olunub.
Tədbir zamanı Özbəkistan Milli Metrologiya və Qazaxıstan Standartlaşdırma və Metrologiya İnstitutları ilə Azərbaycan Metrologiya İnstitutu arasında əməkdaşlığın genişləndirilməsinə dair Yol Xəritələri imzalanıb. Sənədlərə əsasən, tərəflər arasında yeni etalonların alınması, ölçmə vasitələrinin tipinin təsdiqi, sınaq və kalibrlənmə metodikalarının hazırlanması, metrologiya sahəsində resurslardan səmərəli istifadə, bilik və qabaqcıl təcrübə mübadiləsi, birgə təlimlər və digər sahələrdə əməkdaşlıqlar təşkil ediləcək.