RƏSMİ

31 May

İşsizliyin aradan qaldırılması üçün sahibkarlıq inkişaf etdirilməlidir - Fazil Mustafa

“Büdcədən işsizliyin aradan qaldırılması üçün ayrılan pullar mənasızdır. İşsizliyin aradan qaldırılması üçün sahibkarlıq inkişaf etdirilməlidir”.

Fins.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, dövlət xətti ilə iş yerlərinin açılması problemi həll etmir: “Biz gördük ki, suvarmadan kənd təsərrüfatı sahələrinə qədər dövlətin vəsait qoyduğu hər şirkət bağlanmaqdadır. Sahibkarlıq, özəl sektor inkişaf etdirilməlidir. Büdcədə yerli özünüidarəetmənin payı yoxdur”.

Deputat təhsil sahəsində də problemlərə toxunub: “1000 yerlik məktəbdə 1500-200 nəfər şagird təhsil alır. Layihə qəbul olunsa da, məktəblərdə bunun icrası ləngidilir. Digər tərəfdən, narkomaniyaya qarşı mübarizə üçün ayrı proqram hazırlanmalı, yüksək səviyyədə vəsait ayrılmalıdır. Bu sahədə ölkədə faciəvi vəziyyət yaranıb. Həbsxanada olan məhkumların böyük əksəriyyəti narkotik cinayətləri üzrə tutulanlardır. Onlar həbsxanada da problemlər yaradır”.