RƏSMİ

31 May

“Boston Consulting Group” şirkətinin idarəedici direktoru və baş tərəfdaşı ilə görüş keçirilib - FOTO

“Boston Consulting Group” şirkətinin idarəedici direktoru və baş tərəfdaşı Pattabi Seşadri ilə görüşdə dayanıqlı inkişaf, enerji təhlükəsizliyi və potensial əməkdaşlıq istiqamətlərinə dair təcrübə mübadiləsi barədə müzakirələr aparılıb.

Fins.az xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov 28-ci Bakı Enerii Forumunda iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan “Boston Consulting Group” (BCG) şirkətinin idarəedici direktoru və baş tərəfdaşı Pattabi Seşadri ilə görüşüb.

İqtisadiyyat naziri ölkəmizin iqtisadi prioritetləri, həyata keçirilən layihələr, o cümlədən, enerji layihələri barədə məlumat verib, yeni iqtisadi çağırışlar şəraitində dayanıqlı inkişaf istiqamətləri, enerji təhlükəsizliyi və transformasiyası, “yaşıl enerji”, karbonsuzlaşma və potensial sahələr üzrə təcrübə mübadiləsi üçün imkanları qeyd edib.

BCG şirkətinin idarəedici direktoru və baş tərəfdaşı Pattabi Seşadri təmsil etdiyi şirkətin fəaliyyət istiqamətləri barədə danışıb, tərəfdaşlıq potensialı barədə fikirlərini bölüşüb.

Görüşdə potensial əməkdaşlıq istiqamətlərinə dair təcrübə mübadiləsi barədə müzakirələr aparılıb.

Qeyd edək ki, Qlobal konsaltinq şirkəti olan BCG-nin baş ofisi ABŞ-ın Massaçusets ştatının Boston şəhərində yerləşir. Qlobal şəbəkəyə malik şirkətin 50 ölkədə 90-dan çox ofisi var. BCG 2010-cu illərin əvvəllərindən Azərbaycanda tərəfdaşlarla əməkdaşlıq etməyə başlayıb. BCG-nin konsaltinq xidmətləri Azərbaycanda yerli, beynəlxalq və dövlət sektoru şirkətlərini əhatə edir.