RƏSMİ

30 May

Bu ilin 4 ayında dövlət büdcəsinin gəlirləri proqnoza qarşı 106% təşkil edib

Cari ilin ilk dörd ayı ərzində dövlət büdcəsinin gəlirləri proqnoza qarşı 106,0 faiz təşkil edib.

Fins.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaydığı məlumatda əksini tapıb.

Qeyd edilib ki, cari ilin ilk dörd ayı ərzində dövlət büdcəsinin gəlirləri 11473,6 milyon manat proqnoza qarşı 12165,0 milyon manat və ya 106,0 faiz təşkil etmişdir ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1477,5 milyon manat və ya 13,8 faiz çoxdur. 2023-cü ilin dörd ayı ərzində dövlət büdcəsinin gəlirlərinin 6433,0 milyon manatı qeyri-neft sektorunun payına düşmüşdür ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1048,5 milyon manat və ya 19,5 faiz çoxdur. Dövlət büdcəsinin gəlirlərinin tərkibində qeyri-neft sektoru üzrə daxilolmaların xüsusi çəkisi 52,9 faiz təşkil etməklə proqnoz göstəricisinə (46,7 faiz) nisbətən 6,2 faiz-bənd artmışdır.

Bildirilib ki, 2023-cü ilin dörd ayında dövlət büdcəsi xərclərinin 8321,6 milyon manat proqnoza qarşı 8929,7 milyon manat və ya 107,3 faiz icra edilməsinə baxmayaraq, dövlət büdcəsində 3235,3 milyon manat profisit qeydə alınıb.