Heydər Əliyevin 100 illiyi münasibətilə media nümayəndələri üçün “Heydər Əliyev və iqtisadi islahatlar” mövzusunda seminar keçirilib.
Fins.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi tərəfindən jurnalistlər üçün təşkil edilən seminarda iştirakçılar Ümummilli Liderin həyata keçirdiyi iqtisadi siyasət və bunun Azərbaycanın müstəqil dövlət kimi güclənməsində həlledici rolu barədə məlumatlandırılıblar.
Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri üçün “Heydər Əliyev və iqtisadi islahatlar” mövzusunda seminar keçirilib.
Ənənəvi və onlayn media təmsilçilərinin iştirak etdiyi tədbirdə Nazirliyin İqtisadi siyasət şöbəsinin əməkdaşı Fəridə Əhmədova və Nazirliyin tabeliyində İqtisadi Elmi Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Şükür Quliyev mövzu ilə bağlı çıxış edərək, Ümummilli Liderin ölkəyə rəhbərlik etdiyi dövrdə həyata keçirdiyi iqtisadi siyasətin müxtəlif aspektləri, aparılan nəticəyönümlü islahatlar və bunun Azərbaycanın müstəqil dövlət kimi güclənməsində, qüdrətinin artmasında həlledici rolu barədə iştirakçıları məlumatlandırıblar. Vurğulanıb ki, milli iqtisadiyyatın formalaşmasında, bazar iqtisadiyyatının ölkəmizdə bərqərar olmasında Heydər Əliyevin misilsiz xidmətləri olub. İqtisadi məsələlərin mahiyyətini dərindən dərk edən Ulu Öndər bu sahədə qabaqcıl dünya təcrübəsinin Azərbaycanda tətbiqinə böyük əhəmiyyət verirdi. Dahiyanə neft strategiyasının uğurla həyata keçirilməsindən əlavə, sənayenin müxtəlif sahələrinin, xüsusilə qabaqcıl texnika və texnologiyalar əsasında müxtəlif sahələrin inkişafı diqqət mərkəzində olub. Özəlləşdirmənin, torpaq islahatlarının həyata keçirilməsində, sahibkarlığın inkişafında və milli sahibkarlar təbəqəsinin formalaşmasında Ümummilli Liderin islahatları əsaslı zəmin yaradıb.
Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən siyasət Azərbaycanın gələcək inkişafını, iqtisadi qüdrətini təmin edib. Hazırda ölkəmiz dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirib, Cənubi Qafqazın aparıcı dövlətinə, regionda gerçəkləşdirilən transmilli layihələrin təşəbbüskarı və fəal iştirakçısına çevrilib.
Seminarda media nümayəndələrinin sualları cavablandırılıb, həmçinin, Ulu Öndərin həyat və fəaliyyətinə həsr edilmiş film nümayiş etdirilib.