RƏSMİ

24 Yanvar

Davos Forumu Azərbaycanın Orta Dəhlizin reallaşmasında əvəzsiz rolunu bütün dünyaya bəyan etdi

Davos İqtisadi Forumu dünyanın əksər ölkələrindən dövlət və hökumət başçılarının, eləcə də transmilli şirkət rəhbərlərinin iştirak etdiyi maraqlı və çox faydalı bir qlobal ünsiyyət platformasıdır. Qloballaşma prosesləri fonunda Davos İqtisadi Forumunun əhəmiyyəti də ildən ilə artmaqdadır.

Forum ölkələrin beynəlxalq iqtisadi sistemə inteqrasiya proseslərində yeni və çox istiqamətli qarşılıqlı əməkdaşlığı stimullaşdırır və dünya miqyasında qarşılıqlı iqtisadi əlaqələrin möhkəmləndirilməsinə böyük töhfələr verir.

Fins.Az xəbər veir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev söyləyib.

Deputat qeyd edib ki, lakin Forumun əhəmiyyəti bunlarla məhdudlaşmır. Aydındır ki, heç bir iqtisadiyyat qapalı, təcrid olunmuş şəkildə inkişaf edə bilməz. Müasir dövrdə milli iqtisadiyyatlar digər ölkələrin iqtisadiyyatları ilə, eləcə də beynəlxalq iqtisadi qurumlarla qarşılıqlı əməkdaşlıq sayəsində inkişaf edə bilər. Bu isə öz növbəsində qarşılıqlı əməkdaşlığın daha geniş spektrini, o cümlədən beynəlxalq səviyyədə dövlətlərarası siyasi münasibətləri stimullaşdırır. Bu proseslərdə siyasətsiz iqtisadiyyat mövcud deyil. Ona görə də Davos Forumunun adı iqtisadi forum olsa da, bu platformada həm də siyasətdə öz yerini tutur. Prezident İlham Əliyevin keçən həftə ərzində Davos Forumu çərçivəsində keçirdiyi çoxsaylı görüşlər bir daha bunu sübut edir.

Davos Forumu çərçivəsində Azərbaycan Prezidentinin keçirdiyi bütün ikitərəfli görüşlərin mövzusu ölkə və bölgə miqyaslı iqtisadi layihələ və təşəbbüslərlə bağlı oldu. Lakin bu layihələrin həyata keçirilməsi üçün ölkəmizdə, eləcə də yerləşdiyimiz Cənubi Qafqaz bölgəsində siyasi vəziyyət də təhlil olunmalıdır. Odur ki, Davos İqtisadi Forumu bütün iştirakçılar, xüsusilə də Azərbaycan üçün bölgəmizdə və ölkəmizdə baş verən hadisələrin mahiyyətinin doğru-düzgün təqdimatı baxımından həm də böyük siyasi əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, bəzi erməni politoloqlar hökumət başçısı Paşinyanın Davos Forumunda iştirak etməməsini Azərbaycanla rəqabətdə növbəti məğlubiyyət kimi qiymətləndirirlər. Onlar Davosda keçirilmiş daha əvvəlki forumların birində Əliyev – Paşinyan debatını xatırladır və bunun ermənilər üçün biabırçılıq olduğunu etiraf edirlər.

Builki Davos Forumunda Ermənistan təmsil olunmasa da, onun bölgədə apardığı destruktiv siyasət tədbir çərçivəsində keçirilən və Prezident Əliyevin iştirak etdiyi müxtəlif iclaslarda obyektiv qiymətini aldı. Son bir ayda Laçın–Xankəndi yolunda ekofəalların keçirdikləri dinc etiraz aksiyası ilə bağlı Ermənistanın bütün beynəlxalq platformalarda Azərbaycana qarşı apardığı yalan və böhtan kampaniyası Prezident İlham Əliyev tərəfindən ifşa olundu.

Lakin Davos Forumunun ölkəmiz üçün əhəmiyyəti bununla məhdudlaşmır. Forum çərçivəsində dövltəimizin başçısı bir sıra transmilli şirkətlərin və beynəlxalq təşkilatların rəhbərləri ilə ikitərəfli görüşlər keçirdi. Prezidentin Forum çərçivəsində 19 yanvar tarixində keçirilmiş “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasındakı çıxışı isə bütövlükdə Avrasiya miqyasında çoxtərəfli qlobal əməkdaşlığın perspektivlərini əhatə etdi.

“Prezident İlham Əliyev çıxışında alternativ layihələrlə müqayisədə Orta Dəhlizin yaratdığı üstünlükləri ətraflı şərh etdi. Bütün iştirakçı dövlətlər üçün əlverişli əməkdaşlıq imkanları vəd edən Orta Dəhlizin reallığa çevrilməsi üçün Azərbaycan tərəfindən son onilliklər ərzində aparılmış davamlı siyasəti və həyata keçirilmiş uğurlu regional layihələri xatırladan Prezident ölkəmizin bu istiqamətdə daha böyük əməkdaşlıq potensialına malik olduğunu vurğuladı. Məhz Azərbaycanın ərsəyə gətirdiyi infrastruktur layihələri nəticəsində Şərq-Qərb istiqamətində tranzit imkanlarının kifayət qədər şaxələndiyini və nəticədə Avropanın davamlı enerji təchizatı üçün güclü zəmin yaradıldığını qeyd edən ölkə başçısı bildirdi ki, o, Orta Dəhlizin çoxsaylı ölkələr arasında yüksək təminatlı sülh və əməkdaşlıq amilinə çevrilməsini labüd və zəruri hesab edir”, - deyə deputat qeyd edib.

Vurğulanıb ki, Orta Dəhliz layihəsinin siyasi üstünlükləri ilə iqtisadi perspektivlərini bir arada şərh edən Prezident İlham Əliyev dəhliz boyunca yerləşən ölkələrdən biri kimi, Azərbaycanın bu layihəyə qata biləcəyi əlavə dəyərlərdən də danışdı. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan bu layihələrdə tranzit ölkə statusunu möhkəmləndirməklə yanaşı, həm də özünün ixrac potensialını əsaslı dərəcədə artırmaq imkanlarına malikdir. Azərbaycan ərazisində, həm quruda və həm də dənizdə istehsal olunması nəzərdə tutulan yaşıl enerji ehtiyatlarının 200 qiqavata yaxın olduğunu qeyd edən Prezident Forumun iştirakçılarını bu innovativ sahədə əməkdaşlığa dəvət etdi. Keçən ilin iyul ayında Aİ ilə imzalanmış strateji əməkdaşlıq haqqında memorandumu, dekabr ayında isə yaşıl enerjinin nəqli üçün Gürcüstandan Rumıniyaya sualtı kabel xəttinin çəkilməsi ilə bağlı Aİ-nın iştirakı ilə Buxarestdə imzalanmış strateji əməkdaşlıq müqaviləsini xatırladan İlham Əliyev ölkəmizin yeni əməkdaşlıq istiqamətlərində əldə etdiyi uğurları beynəlxalq auditoriyanın diqqətinə çatdırdı.

“Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda keçirilmiş panel iclasındakı çıxışında Prezident Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində ölkəmiz tərəfindən aparılan sülh siyasətinin mahiyyətini də ətraflı şərh etdi. Prezident İlham Əliyev beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanan sülh sazişinin imzalanmasında maraqlı olduğunu və bu sülhün bütün region ölkələrinin sabit və davamlı inkişafına böyük töhfələr verə biləcəyini qeyd etdi. Lakin Ermənistan tərəfindən sülh prosesinin sabotaj olunmasını və bunun Orta Dəhliz kimi qlobal əhəmiyyətli layihələrin həyata keçməsi üçün maneə yaratdığını bildirən dövlətimizin başçısı Ermənistanın apardığı destruktiv siyasətin iç üzünü açıb göstərdi. Prezident İlham Əliyev Cənubi Qafqaz bölgəsində davamlı sülhün təmin olunması üçün Azərbaycan, Ermənistan və Gürcüstan arasında üçtərəfli əməkdaşlığın da vacibliyini panel iştirakçılarının diqqətinə çatdırdı.

C.Feyziyev vurğulayıb ki, panel müzakirələrində Prezident İlham Əliyev tərəfindən səsləndirilmiş bütün fikirlər Azərbaycanın Orta Dəhliz layihəsinin həyata keçirilməsində əvəzedilməz rolunu bütün dünyaya bəyan etdi.