RƏSMİ

24 Yanvar

Ümumdünya Gömrük Təşkilatının nümayəndə heyəti Gömrük Akademiyasında

Ümumdünya Gömrük Təşkilatı (ÜGT) Potensialın Gücləndirilməsi Direktoratlığının rəhbərliyi və Koreya Respublikasının “HO Entertainment Corp” şirkətinin nümayəndələri Gömrük Akademiyasında olublar.

Dövlət Gömrük Komitəsindən Fins.Az-a bildirilib ki, Akademiyada gömrük əməkdaşları üçün təşkil edilən və “HO Entertainment Corp” şirkəti tərəfindən təchiz edilən “ÜGT virtual reallıq təlim proqramı” çərçivəsində baş tutan görüşdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, ÜGT Potensialın Gücləndirilməsi Direktoratlığının rəhbəri Taeil Kanq, “HO Entertainment Corp” şirkətinin, Dövlət Gömrük Komitəsinin nümayəndələri və Akademiyanın əməkdaşları iştirak ediblər.

Görüşdə Azərbaycan gömrük xidməti ilə ÜGT arasında mövcud əlaqələrdən, Akademiyanın fəaliyyəti, inkişaf istiqamətlərindən, ÜGT-nin kadr potensialının daha da inkişaf etdirilməsinə dəstəyindən və əməkdaşlığın perspektivlərindən bəhs edilib.

Söhbət zamanı Akademiyanın ümumi fəaliyyəti, beynəlxalq əlaqələri və layihələr haqqında məlumat verilib. Akademiya və ÜGT-nin Potensialın Gücləndirilməsi Direktoratlığı arasında kadr potensialının gücləndirilməsi sahəsində əlaqələr, xüsusilə virtual reallıq texnologiyası vasitəsilə təlimlər, ÜGT-nin “CLiKC! E-learning” platformasının Akademiya tərəfindən Azərbaycanda milli koordinasiyası, Direktoratlıqla gələcəkdə nəzərdə tutulan digər əməkdaşlıq imkanları barəsində təqdimat nümayiş etdirilib.