Dövlət Gömrük Komitəsi (DGK) Ümumdünya Gömrük Təşkilatı ilə (UGT) Orta Dəhliz üzrə yükdaşımalarda rəqəmsal həllərin tətbiqi hesabına tranzitin sadələşdirilməsi istiqamətində əməkdaşlığın gücləndirilməsini müzakirə edib.
DGK-nin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Fins.Az-a bildiriblər ki, yanvarın 23-də Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov Ümumdünya Gömrük Təşkilatı Potensialın Gücləndirilməsi Direktoratlığının direktoru Taeil Kanq ilə görüşüb.
ÜGT ilə Azərbaycan gömrüyü arasındakı səmərəli və işgüzar əlaqələrdən bəhs edən Şahin Bağırov gömrük sahəsində müasir çağırışların, həllərin və texnologiyaların öyrənilməsində beynəlxalq əməkdaşlığın mühüm rol oynadığını diqqətə çatdırıb. Vurğulanıb ki, gömrük işinin elmi əsaslar, institusional yanaşmalar üzərində qurulması, qabaqcıl təcrübələrin öyrənilməsi və təbliğində ÜGT mühüm rol oynayır.
Görüşdə gömrük sistemində risklərin və məlumatların təhlili, dəyərin müəyyənləşdirilməsi və digər sahələrdə Azərbaycan gömrükçüləri üçün təlimlərin keçirilməsi, Orta Dəhliz üzrə yükdaşımalarda rəqəmsal həllərin tətbiqi hesabına tranzitin sadələşdirilməsi istiqamətində əməkdaşlığın gücləndirilməsinə diqqət çəkilib.
Taeil Kanq təmsil etdiyi qurumla Azərbaycan gömrüyü arasındakı əlaqələrdən, ÜGT-nin ölkəmizdə yerləşən regional mərkəzlərinin fəaliyyətindən məmnunluqla bəhs edib, əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.
Söhbət zamanı, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlığın perspektivləri müzakirə edilib.