RƏSMİ

23 Yanvar

Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu – ŞƏRH

Azərbaycan bir çox beynəlxalq platformalarda fəal iştirak edir. Belə platformalardan biri də ənənəvi olaraq hər il İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumudur. 1974-cü ildən sonra demək olar hər il təşkil edilən Dünya İqtisadi Forumu bu il “Parçalanmış dünyada əməkdaşlıq” mövzusunda keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev İsveçrəyə səfər edərək Forumda iştirak edib. Dövlətimizin başçısı hər dəfə Davos Forumu kimi nüfuzlu platformadan istifadə edərək Azərbaycan həqiqətlərini, habelə ölkəmizin təşəbbüsü ilə həyata keçirilən mühüm regional nəqliyyat və enerji layihələrinin önəmini dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Bu dəfə isə işğaldan azad olunan ərazilərimizdə postmüharibə dövründə görülən işlər və həyata keçirilməsi nəzərdə tutulan regional layihələr, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı və dayanıqlı tərəfdaş kimi Azərbaycanın mühüm rolu da diqqət mərkəzində olub.

Fins.Az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə AZƏRTAC-a açıqlamasında deyib.

Onun sözlərinə görə, budəfəki Forumda da Azərbaycana marağın yüksək olduğunu deməyə ciddi əsaslar var. Çünki Azərbaycanın iştirak etdiyi son tədbirdən bəri regionda vəziyyət tamamilə dəyişib, ölkəmiz yeni reallıq yaradıb. Azərbaycanın Vətən müharibəsində Qələbəsindən sonra bölgədə geniş iqtisadi əməkdaşlıq imkanları formalaşıb. Ölkəmizdə əlverişli investisiya mühiti mövcuddur. Azad edilmiş ərazilərimizdə isə sərmayələrin yatırılması üçün böyük potensial var. Ona görə də əminliklə söyləmək olar ki, bu dəfə beynəlxalq şirkətlərin Azərbaycana marağı daha böyük olacaq. Prezident İlham Əliyev Forum çərçivəsində bir sıra ölkələrin rəhbərləri ilə görüşməklə yanaşı, dünyada tanınmış bəzi şirkətlərin rəhbərləri ilə də görüşlər keçirib, işğaldan azad olunmuş ərazilərin bərpasında müasir texnologiyaların tətbiqinə dair müzakirələr aparılıb.

Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Çinin CGTN televiziya kanalına müsahibəsində Azərbaycan-Çin münasibətləri ilə bağlı fikirlərini ifadə edib, ölkələr arasında əlaqələri yüksək qiymətləndirib. Çin ilə Azərbaycan xalqları arasında böyük tarixə malik olan dostluq münasibətləri nəticəsində Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünə dəstək verən ilk ölkələrdən biri olub. Bu baxımdan “Bir kəmər, bir yol” strategiyasının həyata keçirilməsində Azərbaycan logistika mərkəzi, qovşaq və körpü rolunu oynayır. Bütövlükdə, Azərbaycan Cənubi Qafqaz regionunda lider dövlətdir, eləcə də Şimal ilə Cənubun, Şərq ilə Qərbin qovuşuğunda yerləşir, Asiya və Avropa qitələri arasında körpü rolunu oynayır. Bu baxımdan Azərbaycan nəqliyyat və geosiyasi mövqe üstünlüyünə malikdir. Qədim İpək Yolu və müasir “Bir kəmər, bir yol” strategiyası üçün çox vacib rol oynayan Azərbaycanın nəqliyyat-logistika üstünlüyü açıq şəkildə özünü göstərir.

Avropa ilə Çin arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars xətti, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı kimi önəmli infrastruktur layihələri “Bir kəmər, bir yol” təşəbbüsü və ümumilikdə regional əməkdaşlıq üçün böyük əhəmiyyət daşıyır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti sayəsində Çindən Avropaya yüklərin daşınma müddəti xeyli azalıb. Bakı-Tbilisi-Qars layihəsi həm də Azərbaycanın dəmir yolu nəqliyyatı sahəsində çox mühüm rol oynadığını nümayiş etdirir. Avropa ilə Asiya arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu təkcə Azərbaycan, Gürcüstan və Türkiyə üçün deyil, ümumilikdə Avrasiya regionunda yerləşən ölkələr üçün də iqtisadi baxımdan yeni imkanlar açır. Dünyanın ən böyük ixracatçı və ikinci ən böyük idxalçı ölkəsi olan Çinin də bu dəmir yoluna marağı yüksəkdir. Həmçinin bu dəmir yolu “Bir kəmər, bir yol” strategiyasının səmərəliliyini də artıracaq. Ona görə də, Çin bu dəmir yolu xəttinə böyük əhəmiyyət verir. Bir sözlə, Çin Azərbaycan vasitəsilə Avropaya daha sürətli çıxış əldə etmiş olur. Artıq görülən işlər öz bəhrəsini verir. Dövlətimizin başçısının müsahibədə dediyi kimi, ötən il ölkəmizin ərazisindən tranzit daşımaların həcmi 75 faiz artıb.

Pərvin Kərimzadə vurğulayıb ki, iki ölkə arasında siyasi münasibətlər də yüksək səviyyədədir. Prezident İlham Əliyev müsahibəsində bununla bağlı vurğulayıb: “Əməkdaşlığımız üçün tərəfimizdən çox möhkəm platforma qurulub. 30 il ərzində davam edən siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. Bizim beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığımız var. Biz həmişə bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Biz çox möhkəm siyasi platforma qurmuşuq”. Digər bir məqam isə ondan ibarətdir ki, dövlətimizin başçısı beynəlxalq miqyasda xalqının maraqlarını qoruyan, verdiyi bütün vədləri yerinə yetirən lider kimi tanınır. Jurnalistin sualına cavab olaraq Azərbaycan Prezidenti bildirib: “Siyasi həyatımda heç vaxt olmayıb ki, mən söz verim və arxasında dayanmayım. Verdiyim bütün sözlər yerinə yetirilib. Digər tərəfdən, mən çox söz vermirəm, çünki nəticəni nümayiş etdirməyi üstün tuturam... Biz yalan vədlərə əsaslanan çox sayda siyasi və ya seçki kampaniyaları görmüşük. Lakin bu, uğura gətirib çıxarmayıb, uğur yalnız müvəqqəti olub. Çünki insanlar hər şeyi çox yaxşı başa düşürlər. Onlar yadda saxlayırlar. Əgər siz vəd verib yerinə yetirməmisinizsə onlar sizi dəstəkləməyəcəklər. Mən hər zaman görülmüş işi nümayiş etdirməyi üstün tuturam və hər zaman planlarımızla bağlı insanlarla məsləhətləşirəm. Mənim Azərbaycan cəmiyyəti ilə çox açıq kommunikasiya kanalım var”.

Beləliklə, Davos Forumu çərçivəsində Çin televiziya kanalına verdiyi müsahibədə dövlətimizin başçısı iki ölkə arasında qarşılıqlı münasibətlərindən bəhs etməklə yanaşı, Azərbaycanın nailiyyətləri barədə də ətraflı məlumat verib. Bu amil güclü və qüdrətli ölkəmizin dünyaya təqdim edilməsində növbəti bir imkan və vasitə oldu.