RƏSMİ

21 Yanvar

"Enerji layihələri, logistik və regional layihələr dünya iqtisadiyyatına əhəmiyyətli töhfələr verəcək"

Ənənəvi olaraq hər il İsveçrənin Davos şəhərində keçirilən iqtisadi xarakterli forum dünya siyasətinə, beynəlxalq münasibətlərə də təsirsiz ötüşmür. Bu il keçirilən Forum da bir sıra məqamlarla yadda qaldı. Davos Forumunda Azərbaycanın geniş tərkibdə təmsil olunması, Azərbaycan Prezidentinin bu Forumda iştirakı xüsusi əhəmiyyət kəsb edir.

Fins.Az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı İltizam Yusifov AZƏRTAC-a açıqlamasında bildirib.

Dövlətimizin başçısının artıq 15-ci dəfədir Davos Forumunda iştirak etdiyini diqqətə çatdıran deputat deyib: “Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Davos Forumunda iştirakı hər zaman çoxsaylı yüksək səviyyəli görüşlərlə yadda qalır. Budəfəki Forum da istisna olmadı. Bu görüşlərin təşəbbüskarları bir qayda olaraq qarşı tərəf olur. Bu, bir tərəfdən Prezident İlham Əliyevin şəxsiyyətinə marağın və rəğbətin göstəricisidir, digər tərəfdən isə ölkəmizdə xarici investisiyalar üçün yaradılmış münbit şəraitin bariz sübutudur. Azərbaycanın iqtisadi tərəfdaşlarının sayının artması da bunun göstəricisidir.

Forumdan öncə Azərbaycan Prezidentinin Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı bərpaolunan enerji məsələləri ilə bağlı razılaşmalar əldə olundu. Hazırda dünya iqtisadiyyatının davamlı inkişafında bərpaolunan enerjidən səmərəli istifadə məsələsi ön planda dayanır. Bu baxımdan Azərbaycan hökumətinin həyata keçirdiyi işlər nəinki ölkəmiz, eyni zamanda, region və dünya üçün əhəmiyyətlidir”.

Forumun əhəmiyyətli tərəflərindən birinin də etibarlı tərəfdaşlıq modeli olduğunu diqqətə çatdıran İltizam Yusifov Azərbaycanın bu modeldə önəmli rol oynadığını deyib: “Forum çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin 8 qlobal şirkətin rəhbər şəxsi, Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti, BMT-nin Məskunlaşma proqramının icraçı direktoru ilə görüşüb. Bununla yanaşı, dövlətimizin başçısının Latviya, Litva, Xorvatiya, Monteneqro, Niderlandın dövlət və hökumət başçıları ilə də görüşləri oldu. Bu görüşlər əsnasında Prezident İlham Əliyev tərəf müqabillərinə həm də regional vəziyyət haqqında ətraflı məlumat verdi. Xüsusilə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, bu məsələdə Ermənistanın destruktiv mövqeyi, Azərbaycanla sülh müqaviləsinin imzalanmasına mane olan müxtəlif bəhanələri və danışıqlar prosesindən yayınmaq cəhdləri geniş müzakirə mövzusu olub”.

Deputat qeyd edib ki, bu gün Azərbaycanın siyasi arenada qazandığı nailiyyətlərə kölgə salmaq, siyasi qələbələrimizi həzm edə bilməyən qüvvələr var. Bunlar Avropa və digər beynəlxalq təşkilatlarda dövlətimizə qarşı kampaniya aparırlar. Son zamanlar Laçın yolu ilə bağlı qəbul olunan qərəzli qətnamələr də bunun bariz nümunəsidir. Bütün bunların qarşısını almaq üçün Forumun yaratdığı imkanlardan istifadə edərək dünya ictimaiyyətinə geniş və dolğun məlumat verildi ki, bütün bunlar gələcək perspektivə yönələn addımlardır. Prezident İlham Əliyev keçirdiyi bütün görüşlərdə Laçın yolu ətrafında yaranmış vəziyyət, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərimizin talan edilməsinə qarşı etiraz aksiyasından danışıb. Bu aksiyanın legitim əsaslara söykəndiyi vurğulanıb. Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində kriminal qruplaşmaların mövcudluğu, Laçın yolundan uzun müddət minaların daşınması üçün istifadə edildiyi diqqətə çatdırılıb. Məlumdur ki, Ermənistan və onun havadarları beynəlxalq arenada Azərbaycana qarşı hansısa sanksiyaların tətbiq edilməsi iddiaları ilə, ölkəmizin beynəlxalq aləmdən təcrid edilməsi ilə bağlı tezislərlə çıxış edirlər. Amma Davos Forumu bu iddiaların həqiqətə uyğun olmadığını və Azərbaycanla müxtəlif sferalarda əməkdaşlıq etmək istəyən tərəflərin sayının gündən-günə artdığını növbəti dəfə göstərdi. Sonuncu Davos Forumunda Prezident İlham Əliyevlə görüşmək arzusunda olan tərəfdaşların sayı, təmsil etdikləri coğrafiya, onların iqtisadi və siyasi gücləri bunun bariz bir təzahürüdür.

“Bütün bunları nəzərə alaraq onu demək olar ki, Azərbaycanın qlobal siyasətdə yeri və rolu durmadan artır. Ölkəmizdə həyata keçirilən enerji layihələri, logistik və regional layihələr də dünya iqtisadiyyatına əhəmiyyətli töhfələr verəcək”, - deyə İltizam Yusifov vurğulayıb.