RƏSMİ

17 Yanvar

Maliyyə Nazirliyindən QHT-lərlə bağlı - Xəbərdarlıq

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

Fins.az xəbər verir ki, bu barədə APA-ya Maliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, “Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilib.

Həmin qərara əsasən qeyri-hökumət təşkilatlarının maliyyə hesabatları bunlardır: Maliyyə vəziyyəti haqqında hesabat, maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat və əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər.

Eyni zamanda, maliyyə fəaliyyəti olmayan Qeyri-hökumət təşkilatları üçün həmin qərarla “Maliyyə fəaliyyətinin olmaması barədə arayış” forması təsdiq edilib.

Göstərilənlər nəzərə alınaraq, WWW.QHT-HESABAT.MALİYYE.GOV.AZ saytı vasitəsilə “Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq proqramı”nda qeydiyyatdan keçib nəzərdə tutulan formalara uyğun olaraq illik maliyyə hesabatları və ya “Maliyyə fəaliyyətinin olmamasına dair arayış”lar Maliyyə Nazirliyinə elektron qaydada təqdim edilməlidir.