RƏSMİ

13 Yanvar

Ötən il sənaye zonalarının rezidentləri 2,9 milyard manatlıq məhsul satıblar

Sənaye zonaları ölkədə istehsalın genişləndirilməsi, idxalın əvəz edilməsi və yeni ixrac imkanlarının yaradılması baxımından əlverişli mexanizmdir.

Fins.Az İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, indiyədək sənaye zonaları üzrə ümumi investisiya həcmi 7 milyard manata yaxın 116 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 65-i istehsal fəaliyyətinə başlayıb. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,46 milyard manatdan çox investisiya yatırılıb, 10 min 400-dən artıq daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 460 milyon manata yaxın investisiyanın yatırılması və 4200-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur.

2022-ci ildə sənaye zonalarının rezidentləri tərəfindən ümumilikdə 2,9 milyard manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 1 milyard manatı ixracın payına düşür. 2021-ci illə müqayisədə satış 20,6 faiz, ixrac isə 10,08 faiz artıb.