İqtisadiyyat nazirinin müavini, Azərbaycan Respublikası Hökuməti ilə Çex Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın həmsədri Sahib Məmmədov Çex Respublikasının sənaye və ticarət nazirinin müavini, Komissiyanın Çex Respublikası tərəfdən həmsədri Petr Tresnak ilə görüşüb.
Bu barədə Fins.Az-a İN-dən məlumat verilib.
Görüşdə Azərbaycan-Çexiya əlaqələrinə önəm verildiyi, əməkdaşlığın inkişafında qarşılıqlı səfərlərin, aparılan müzakirələrin əhəmiyyəti vurğulanıb.
İqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsi üçün potensialı diqqətə çatdıran Sahib Məmmədov Qarışıq Komissiyanın bu baxımdan faydalı platforma olduğunu qeyd edib. Bildirilib ki, ölkələrimiz arasında ticarət, sənaye, nəqliyyat-tranzit və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar var. Bunlarla yanaşı, avtomobil sənayesi, “ağıllı şəhər”, “ağıllı kənd” layihələrində də çex şirkətləri ilə əməkdaşlıq edilə bilər.
Çex Respublikasının sənaye və ticarət nazirinin müavini Petr Tresnak ölkələrimizin qarşılıqlı faydalı əməkdaşlığını qeyd edib, əlaqələrin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.
Görüşdə Hökumətlərarası Komissiyanın fəaliyyəti, iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi barədə müzakirələr aparılıb.