RƏSMİ

20 Dekabr

Hərbçilərin dövlətə vurduqları ziyana görə maddi məsuliyyətlə bağlı əsasnaməyə dəyişikliklər təsdiqlənib

Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyətlə bağlı əsasnaməyə dəyişikliklər təsdiqlənib.

Bununla bağlı Prezident İlham Əliyev “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Belə ki, “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” qanunda hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilərin törətdikləri hərbi xidmət əleyhinə olan inzibati xəta nəticəsində dövlətə vurduqları ziyana görə ödənilməmiş ziyanın bütün miqdarı həcmində maddi məsuliyyətə cəlb edilməsi nəzərdə tutulur.

Cinayət və inzibati məsuliyyətə səbəb olmayan digər hərəkətlər nəticəsində vurulan ziyana görə maddi məsuliyyətin hədləri isə müddətli hərbi xidmətdə olan hərbi qulluqçular və kursantlar üçün pul təminatının iki aylıq məbləğindən üç aylıq məbləğinə, qalan hərbi qulluqçular üçün isə pul təminatının aylıq məbləğindən iki aylıq məbləğinə qaldırılıb.

Bundan başqa, bir sıra təkmilləşdirmə xarakterli dəyişikliklər edilir.