RƏSMİ

09 Dekabr

Böyük Qayıdışa 19,2 milyard manat ayrılacaq

“İlkin hesablamalara görə, inkişaf strategiyasının icrası məqsədilə ümumilikdə büdcədən 32,7 milyard manat vəsait tələb olunur. Bunun da 19,2 milyard manat və ya 58,7 faizi işğaldan azad olunan ərazilərə Böyük Qayıdışı təmin edilməsinə yönəldiləcək”.

“Fins.az” xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı Azərbaycanın Baş Naziri Əli Əsədov bildirib.

“2023-cü ilin dövlət büdcəsinə gəldikdə isə, inkişaf strategiyası ilə nəzərdə tutulan layihə və tədbirlərin maliyyləşdirilməsi üçün 5,2 milyard manat vəsait nəzərdə tutulub. Bu vəsaitin də 3 milyard manatı işğaldan azad olunan ərazilərin yenidən qurulması və bərpasına xərclənəcək. 2022-ci ilə müqayisədə bu rəqəm 12,4 faiz çoxdur”,- deyə Baş nazir qeyd edib.

***

Əli Əsədov əlavə edib ki, 2023-cü ilin dövlət büdcəsi hazırkı dövrün reallıqlarını, problem və çətinliklərini, eyni zamanda ən aktual çağırışları əks etdirir. O qeyd edib ki, dövlət büdcəsi tərtib olunan zamanı ölkənin makroiqtisadı, maliyyə sabitliyi, eləcə də strateji valyuta ehtiyatlarının qorunması kimi məsələlər diqqət mərkəzində saxlanılır: “Beynəlxalq vəziyyətin mürəkkəbləşməsi, qlobal iqtisadi perspektivlər üzrə mövcud olan qeyri-müəyyənliklər, enerji resurslarının qiymətlərinin volatilliyi, maliyyə böhranlarının başvermə tezliyinin artması ölkəmizdə makroiqtisadi sabitliyə və büdcə tarazlığına mənfi təsir edən amillər kimi çıxış edir”