RƏSMİ

05 Dekabr

Yeni yaradılan Naxçıvan Baş Gömrük İdarəsinin xərcləri dövlət büdcəsindən maliyyələşdiriləcək

Naxçıvan Muxtar Respublikasında Dövlət Gömrük Komitəsinin ləğv olunub yeni Baş Gömrük İdarəsinin yaradılması ilə 53,2 mln. manat daxilolmanın dövlət büdcəsinə aid edilməsi vacib hesab edilir.

Fins.az xəbər verir ki, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov bildirib.

Nazir bildirib ki, Baş idarənin saxlanmasına dövlət büdcəsindən 20,1 milyon manat ayrılacaq: "Avtomobil Yolları Məqsədli Büdcə Fondunun xərcləri 0,5 milyon manat olmaqla, cəmi 20,6 milyon manat vəsaitin Naxçıvan MR-nın büdcə xərclərindən azaldılaraq Dövlət Gömrük Komitəsinin xərclərinə proqnozlaşdırılması zərurəti yaranıb. Naxçıvan Muxtar Respublikasında gömrük orqanlarının maliyyələşməsi mərkəzləşmiş xərclərə ötürülüb. Orada aparılacaq işlər nəticəsində optimallaşmanı görəcəyik. Xərclərdə hər hansı bir qənaət olduğu halda daha az transfert veriləcək. Bunu tənzimləyəcəyik. Dotasiya ilə bağlı isə hər hansı tələsik qərar qəbul edilməsi məqsədəuyğun deyil".