RƏSMİ

22 Noyabr

Büdcə ilinin təqviminin dəyişdirilməsi təklif edilir

“Azərbaycanda büdcə ilinin təqviminin dəyişdirilməsi üzərində işləmək lazımdır”.

“Fins.az" xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxışı zamanı deputat Vahid Əhmədov bildirib.

O vurğulayıb ki, büdcənin icrasının əsas hissəsi dördüncü rübə keçirilir: “Çünki faktiki olaraq hər ilin birinci rübündə layihələrlə bağlı sənədlər tam hazır olmadığından və ya digər məsələlərlə bağlı büdcənin icrası çox aşağı olur. Ona görə də büdcənin əsas icrası dördüncü rübə keçirilir. Bu zaman da müəyyən problemlər yaranır. Bu məsələnin üzərində (büdcə ilinin təqviminin dəyişidirilməsi-red.) işləmək lazımdır”. 

Maliyyə nazirinin müavini Azər Bayramov isə dövlət büdcəsinin təqvim ilinin dəyişdirilməsinə dair deputatların təkliflərinə münasibət bildirərkən qeyd edib ki, bu gün bizim büdcə ilini bir yanvardan bir aprelə dəyişməyimiz büdcə vəsaitlərinin xərclənməsinin ahəngdarlığında əsaslı dəyişikliyə səbəb olmayacaq: “Bu gün bizdə yanvar-fevral ayında xərclər az olur, mart ayında başlayır artmağa, ili sürüşdürəndə də (büdcənin təqvim ili- red.) aprel-may aylarında yenə eyni problemlərlə üzləşəcəyik. Yenə də xərclərin çox hissəsi gəlib təklif olunan fevral-mart aylarına düşəcək. Mart ayında əlavə problemlə üzləşəcəyik. Çünki martın 20-dən sonra bizdə 8-9 gün olmur. Yeni təklif olunan təqvimdə ilin axırında iş günlərinin olmaması problemi ilə üzləşəcəyik”.

O əlavə edib ki, büdcə ilini sürüşdürməklə istənilən effekt alınmayacaq.