Azərbaycan Maliyyə Nazirliyi 2023-2024-cü illərdə avrobondlar bazarına çıxmağı planlaşdırır. Bu barədə maliyyə naziri Samir Şərifov bəyan edib.
“2023-20240cü illərdə öz istiqrazlarımızın (avrobondları) beynəlxalq bazarlarda emissiyasını planlaşdırırıq. Bu, 2023-cü ilin sonu – 2024-cü ilin əvvlində olacaq”, - Şərifov cümə axşamı jurnalistlərə deyib.
10 illik avrobondların tədavül müddəti 2024-cü ilin fevral ayında başa çatır. Şərifovun sözlərinə görə, avrobondların emissiyası $1-1,2 milyard təşkil edə bilər.
Xəbər verildiyi kimi, 2014-cü ildə Maliyyə Nazirliyi $1,25 mlrd. həcmində debüt avrobond yerləşdirib. 10 illik tədavül müddətinə malik avrobondlar illik 5% dərəcəsi ilə yerləşdirilib.
160-dan çox ölkənin institusional investorları Maliyyə Nazirliyinin avrobondlarını əldə etməyə maraq göstərib. Bununla yanaşı, investorlar tərəfindən təqdim edilmiş sifarişlərin sayı emissiya həcmini 4 dəfə üstələyib.
Yerləşdirmənin nəticələrinə görə, avrobondların 47%-ni ABŞ, 25%-ni Böyük Britaniya, 18%-ni Almaniya, 10%-ni digər ölkələrdən olan investorlar əldə ediblər.