“Müharibə veteranlarına verilən müavinətlərin indeksləşdirilməsi və ya artırılması daimi olaraq Azərbayan hökumətinin qarşısında duran prioritet məsələlərdən biridir”.
“Fins.az” xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı səslənən təkliflərə cavab olaraq əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
“Müharibə əlillərini, şəhid ailələri, müharibə iştirakçılarına dəstək verilir. Bununla bağlı 2019-cu ildəki məbləğ təxminən 40 % artırıldı və indiki məbləğə bərabər oldu. Hazırda bizdə 170 minin üzərində müharibə veteranı var. Onlar üçün çoxsaylı müxtəlif proqramlar etmişik və bunun da davamı gələcək”, - deyə nazir qeyd edib
Sahil Babayev əlavə edib ki, ötən dövr ərzində 21 min müharibə iştirakçısı və əlili 8800 özünəməşğul proqramına cəlb olunub: “7000-i isə məşğulluq marafonu və müxtəlif alətlər vasitəsilə işlə təmin olunub və bu sahədə onlara göstərilən diqqət daimi olacaq”.
Nazirin sözlərinə görə, Azərbaycanda tələbə təqaüdləri gələn ildən etibarən orta hesabla 20 % artırılacaq.