RƏSMİ

04 Noyabr

Azərbaycanda dövlət müəssisələrindən alınan dividend üzrə proqnoz 25 % artırılır

Azərbaycan hökuməti gələn il səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə daxilolmaların 321,2 milyon manat təşkil edəcəyini proqnozlaşdırır.

"Fins.az" , bu barədə "2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinə istinadən xəbər verir.

Sənədə əsasən, bu, 2022-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3 dəfə çoxdur.

Gələn il Dövlət Neft Şirkətinin (SOCAR) 200 milyon manat, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin 100 milyon manat, “Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 15 milyon manat, “AzerGold” QSC-nin 5 milyon manat, digər dövlət müəssisələrinin isə 1,2 milyon manat dividend ödəyəcəyi gözlənilir.

2023-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 30 milyard 720,7 milyon manat, xərclərinin isə 33 milyard 300 milyon manat olacağı gözlənilir. Bunlar, 2022-ci ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 5,2 % və 3,1 % çoxdur. Son nəticədə dövlət büdcəsində 2 milyard 579,3 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 16,95 % azdır.