Baş mühasiblərin peşəkar mühasib sertifikatının əldə edilməsi müddətlərində dəyişikliklər edilib.
"Fins.az" xəbər verir ki, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin (publik hüquqi şəxs) baş mühasiblərinin peşəkar mühasib sertifikatının əldə edilməsi müddətləri Nazirlər Kabinetinin Qərarına dəyişiklik edilməklə aşağıdakı qaydada müəyyən edilib.
- Publik hüquqi şəxslərin 2023-cü il 1 yanvar tarixədək işə qəbul edilən baş mühasibləri 2024-cü il 30 dekabradək;
- Büdcə təşkilatlarının 2023-cü il 1 yanvar tarixədək işə qəbul edilən baş mühasibləri 2024-cü il 30 dekabradək;
- Publik hüquqi şəxslərin və büdcə təşkilatlarının 2023-cü il 1 yanvar tarixdən sonra işə qəbul edilən baş mühasibləri müvafiq peşəkar mühasib sertifikatına malik olmalıdırlar.
Qeyd edək ki, bundan əvvəl peşəkar mühasib sertifikatının əldə edilməsi müddətləri və ardıcıllığı aşağıdakı kimi müəyyən edilmişdi:
- illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri - 2022-ci il 30 dekabradək;
- iri və orta sahibkarlıq subyektlərinin baş mühasibləri - 2023-cü il 30 dekabradək;
- paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin baş mühasibləri - 2023-cü il 30 dekabradək;
- qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların baş mühasibləri - 2023-cü il 30 dekabradək;
büdcə təşkilatları üzrə:
- mərkəzləşdirilmiş xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarının baş mühasibləri - 2022-ci il 30 dekabradək;
- yerli xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarının baş mühasibləri - 2023-cü il 30 dekabradək.