Azərbaycanda təhsil məqsədi ilə ölkəyə idxal olunan avadanlıqların 2 il müddətinə gömrük rüsumundan azad edilmsəi nəzərdə tutulub.
Bunu Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Tahir Mirkişili bildirib.
“Təkcə 2020-ci ildə həmin avadanlıqların idxalı üçün, təxminən, 3 milyon manat gömrük rüsumu, 600 min manata yaxın əlavə dəyər vergisi (ƏDV) ödənilib. Bu qərar məktəblərin aşağı qiymətə daha çox məhsul idxal etməsinə imkan verəcək”, – o qeyd edib.
Digər deputat Vüqar Bayramov isə bildirib ki, orta ümumtəhsil məktəbləri idxalla məşğul olmur, çünki onların birbaşa idxal hüquqları yoxdur: “Bu məhsulların birbaşa idxalçılarıı sahibkarlardır. Ona görə də qanunvericilikdə məktəblər bu məhsulları idxal edən sahibkarlarla dəyişdirilməlidir. Bu da imkan verəcək ki, sahibkarlar bu məhsulları idxal edərkən güzəştlərdən istifadə edə bilsinlər”.
© Report