RƏSMİ

22 İyul

Azərbaycan hökuməti 2024-cü ilədək Aşağıkarbonlu inkişaf üzrə Dövlət Proqramı hazırlamağı planlaşdırır

Azərbaycan hökuməti elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payını 2026-cı ilədək 24%-ə çatdırmağı planlaşdırır.

"Fins.az" xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin iyulun 22-də təsdiq etdiyi Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında qeyd olunub.

“Elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payı 2030-cu ilədək 30% hədəfinə uyğun olaraq 2026-cı ilədək 24%-ə çatdırılacaq”, - deyə sənəddə bildirilir.

2022‒2026-cı illərdə energetika sektorunda tənzimləmə mühiti təkmilləşdiriləcək və liberal bazar prinsipləri tətbiq olunacaq. Bərpa olunan enerji mənbələrindən istifadə artırılacaq, enerji səmərəliliyi təmin ediləcək.

“İqlim dəyişikliyinə qarşı mübarizə məqsədilə ekoloji təmiz nəqliyyat vasitələrindən və digər yaşıl texnologiyalardan istifadə genişləndiriləcək. Nəticədə, energetika sahəsində dövlətin maliyyə yükü azaldılacaq və subsidiyaların mərhələli şəkildə aradan qaldırılması reallaşdırılacaq”, - deyə sənəddə qeyd olunur.

Strategiyaya uyğun olaraq Azərbaycan hökuməti 2024-cü ilədək Aşağıkarbonlu inkişaf üzrə Dövlət Proqramı və Elektromobillik üzrə Milli Plan hazırlamağı planlaşdırır.