RƏSMİ

08 Sentyabr

Azərbaycanın dövlət  büdcəsində profisit yaranıb

2020-ci ildə 4694,9 milyon manatlıq kəsirlə icra olunan icmal büdcədə 2021-ci ilin ilk altı ayında 2576,5 milyon manat profisit yaranıb.

Fins.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında qeyd olunub.

Bildirilib ki, 2020-ci ilin yekunlarına əsasən icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti 2019-cu illə müqayisədə 3,5 faiz bəndi artaraq, 30,1 faiz təşkil edib.

 

2021-ci ilin ilk yarımilliyində icmal büdcənin gəlirləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə, 23,9 faiz çox olmaqla 15328,9 milyon manat təşkil etdiyi halda, xərclər əvvəlki ilin həmin dövrü ilə müqayisədə 1,0 faiz az olmaqla 12752,4 milyon manat təşkil edib.

2021-ci ilin ilk altı ayında icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti 20,4 faiz olub. İcmal büdcənin qeyri-neft baza kəsirində yaxşılaşma qeyri-neft gəlirlərinin artması və büdcə xərclərinin qənaətlə icra edilməsi hesabına baş verib.

Hesabat dövründə Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan icmal büdcənin kəsiri isə 4309,6 milyon manata bərabər olub.