“Ələt Azad İqtisadi Zonasının yaradılması ideyasının təməlində bizim siyasətimiz dayanır. Xüsusilə son illər qeyri-neft sektorunun inkişafı ilə əlaqədar görülən işlər bu zonanın yaradılmasına təkan vermişdir. Biz gördük ki, qeyri-neft sektoruna qoyulan sərmayə daha çox dövlət sərmayəsidir, yaxud da ki, yerli şirkətlərin sərmayəsidir. Xarici şirkətlər daha çox neft-qaz sektoruna sərmayə qoymağa meyillidirlər. Ona görə, bu zonanın yaradılması, əminəm ki, Azərbaycanın qeyri-neft sektorunun, iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafına xidmət göstərəcək”.
Bu sözləri Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib.
O bildirib ki, burada yaradılacaq infrastruktur investorlar üçün cəlbedici olacaq, ölkəmizə yeni texnologiyalar gələcək, yeni iş yerləri yaradılacaq və burada işləyəcək Azərbaycan vətəndaşlarının əməkhaqqı yüksək olacaq, rəqabətqabiliyyətli məhsul istehsal ediləcək və bizim qeyri-neft sektorumuzun ixrac imkanları genişlənəcək:
“Çünki bizim ümumi daxili məhsulumuzun strukturuna baxsaq görərik ki, neft sektoru artıq üstünlük təşkil etmir. Ancaq ixraca baxdıqda görərik ki, ixracımızın mütləq əksəriyyəti neft-qaz məhsulları ilə təmin edilir. Ona görə bax, burada da islahatların aparılması və xarici investorların xüsusilə sənaye sahəsinə cəlb edilməsi əsas amillərdən biri idi. Əlbəttə ki, bu ideya çoxdan müzakirə olunurdu. Ancaq bu layihənin reallaşdırılması üçün vaxt düzgün seçilməli idi, biz buna hazır olmalı idik və hesab edirəm ki, bu gün biz buna hazırıq”.
Dövlət başçısı Ələt Azad İqtisadi Zonasının yaradılması ilə bağlı atılan addımları da açıqlayıb:
“İlk növbədə, biz təşkilati işləri görməli və elə bir şərait yaratmalı idik ki, investorları cəlb edə bilək. Aydın məsələdir ki, Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkələrdəndir və belə ölkələrdə azad iqtisadi zonaları yaratmaq daha çətindir. Çünki əlverişli coğrafi vəziyyəti olan ölkələrdə bu zonalar çox böyük uğur qazanıb və ilk növbədə, coğrafi yerləşməyə görə. Ona görə bizə gəldikdə, bu coğrafi vəziyyəti nəzərə alaraq daha da səmərəli işləməli idik və investorlar üçün daha da cəlbedici şərtlər təqdim etməli idik. İlk növbədə, qanunvericilik sahəsində işlər görülməli idi və mən 2017-ci ildə Ələt Azad İqtisadi Zonasının yaradılmasının sürətləndirilməsinə dair müvafiq Sərəncam imzaladım, 2018-ci ildə qanun qəbul edildi. Bu, həm dövlət maraqlarımızı, həm investorların maraqlarını tam təmin edən çox mütərəqqi qanundur. Bu, çox önəmlidir. Çünki əgər qanunvericilikdə investorlar üçün hansısa qeyri-müəyyən məqamlar olsaydı, əlbəttə ki, onları buraya cəlb etmək mümkün olmazdı. Xüsusilə nəzərə alsaq ki, son illərdə dünyada cərəyan edən iqtisadi və maliyyə böhranı investisiyaların həcmini də azaldıb. Əlbəttə ki, pandemiya da dünya iqtisadiyyatına mənfi təsir göstərib. Belə bir tarixi məqamda bu addımı atmaq, əlbəttə ki, həm böyük cəsarət tələb edir, həm də bizim inamımıza əsaslanır. Ona görə hesab edirəm ki, qanunvericilik sahəsində görülən işlər həm investorların, həm də Azərbaycan dövlətinin maraqlarını tam təmin edir. Ondan sonra 2018-ci ildə artıq praktiki işlərə başlanılmışdır. Bu 850 hektarlıq ərazi ayrılmış, Ələt Azad İqtisadi Zonasının konsepsiyasının işlənməsinə start verilmiş, işçi qrup yaradılmış və artıq işlər praktik müstəviyə keçmişdir.
Təbii ki, pandemiya işimizə müdaxilə etdi və bizim planlarımızı bir qədər təxirə saldı. Ancaq indi pandemiya həm ölkəmizdə, həm də bir çox ölkələrdə səngiyir. Hesab edirəm, bu gün bu təməlqoyma mərasiminin keçirilməsi artıq onu göstərir ki, biz buna tam hazırıq. Bundan sonra isə artıq praktiki işlərin başlanmasına start verilir və əminəm ki, bu işlər də vaxtında başa çatacaq”.