Nazirlər Kabineti “Könüllü tibbi sığorta şəhadətnaməsinin forması və onun tətbiqi Qaydaları”nı təsdiq edib.
Fİns.a-zın məlumatına görə, qaydalara əsasən, könüllü tibbi sığorta şəhadətnaməsi – sığortaolunana yaşayış yerindən asılı olmayaraq Azərbaycan Respublikasının bütün ərazisində, habelə Azərbaycan Respublikası ilə tibbi sığorta sahəsində müqavilə bağlayan digər dövlətin ərazisində Tibbi Sığorta Proqramında göstərildiyindən az olmayan həcmdə tibbi yardım almağa təminat verən sənəddir.
Könüllü tibbi sığorta şəhadətnaməsi sığortaçı tərəfindən hər bir sığortaolunana könüllü tibbi sığorta müqaviləsi ilə müəyyən edilmiş qaydada verilir.
Könüllü tibbi sığorta şəhadətnaməsi vahid formada təsdiq edilir və Azərbaycan Respublikasının ərazisində qüvvəyə minir. Sığortaolunanlar tibbi yardım üçün tibb müəssisələrinə müraciət etdikdə könüllü tibbi sığorta şəhadətnaməsi ilə birlikdə şəxsiyyəti təsdiq edən sənədi təqdim etməlidirlər.
Sığortaolunan könüllü tibbi sığorta şəhadətnaməsini itirdikdə bu barədə sığortaçıya rəsmi surətdə xəbər verməlidir. İtirilmiş könüllü tibbi sığorta şəhadətnaməsinin əvəzinə sığortaçı sığortaolunana şəhadətnamənin dublikatını verməlidir.
Qeyd edək ki, yeni qaydalarla əlaqədar “Tibbi sığorta şəhadətnaməsinin forması və onun tətbiqi Qaydalarının təsdiq edilməsi haqqında” qərar ləğv edilib.