Məhkəmənin qərardadı ilə tətbiq ediləcək müvəqqəti təminat tədbirləri müəyyənləşir.
Fins.az-ın məlumatına görə, bu, Milli Məclisin iyunun 25-də keçiriləcək iclasının gündəliyinə daxil edilmiş Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb.
Bununla əlaqədar Mülki Prosessual Məcəllədə iddianın təmin edilməsi ilə bağlı 13-cü fəslin adı dəyişdirilir.
Qüvvədə olan qanuna (Fəsil 13. İddianın təmin edilməsi) əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir.
Yeni redaksiyada təqdim olunan “Müvəqqəti təminat tədbirləri” adlı 13-cü fəsilə əsasən, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq ediləcək. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. İddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılacaq və qərardad qəbul ediləcək.
Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır:
- Müvəqqəti təminat tədbiri tətbiq edilmədən cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasına (təmin və ya bərpa edilməsinə) nail olmağın mümkün olmadığı;
- İddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu.
Müvəqqəti təminat tədbirləri qeyd olunan məqsədlərə münasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyacaq və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilməyəcək.