RƏSMİ

25 May

Azərbaycanın daxili dövlət borcunun artımının səbəbi açıqlanıb

Bu ilin yanvarın 1-nə Azərbaycanın daxili dövlət borcu 1,942 mlrd. manat təşkil edib ki, bu da 2020-ci ilin yanvarın 1-i ilə müqayisədə 37,2% çoxdur.

Bu barədə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatası tərəfindən verilən rəydə deyilir.

Məbləğin əsas hissəsini (88,2%-ni) dövlət istiqraz vərəqələri üzrə borc, 11,1%-ni daxili dövlət borcu sayılan şərti öhdəliklər, qalan hissəsini isə 1992-1996-cı illərdə dövlət büdcəsi kəsirinin örtülməsi üçün Mərkəzi Bankdan istifadə edilmiş 69,04 mln. manat məbləğində mərkəzləşdirilmiş kredit resursunu qaytarmaq məqsədilə həmin məbləğdə yerləşdirilmiş qiymətli kağızların və ona hesablanmış faizlərin ödənişi təşkil edib.

Ötən il ərzində dövlət istiqrazları üzrə borcun məbləği 36,4% və ya 456,7 mln. manat həcmində artıb. Artımın əsas səbəbi kimi hesabat ili ərzində 283,6 mln. manat məbləğində emissiya edilmiş istiqrazların büdcə kəsrinin maliyyələşdirilməsinə yönəlməsi və 100 mln. ABŞ dolları həcmində (xarici valyutalı) emissiya edilmiş istiqrazlardan daxilolmaların xarici dövlət borcunun azalmasına yönəldilməsi göstərilir.

Hesabat ili ərzində mərkəzləşdirilmiş kredit resursları üzrə Azərbaycan Mərkəzi Bankının silinmiş əsas borcu məbləğində yerləşdirilmiş 60,8 mln. manat məbləğində qiymətli kağızların və ona hesablanmış faizlərin ödənilməsi üzrə borc isə tamamilə ödənilib.

Qeyd edək ki, daxili dövlət borcuna xidmət xərcləri 2020-ci ildə 22,8% azalaraq 133,2 mln. manat təşkil edib. Bunun 120,1 mln. manatı faiz borcu üzrə ödənişlər, 13 mln. manatı isə əsas borc üzrə ödənişlər təşkil edib.

Xatırladaq ki, 2021-ci ilin yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcunun həcmi 8,822 mlrd. ABŞ dolları və ya ÜDM-in 20,7%-ni təşkil edib. Ümumi dövlət borcu isə (xarici dövlət borcu və daxili dövlət borcu) 16 938,8 mln. manat və ya ÜDM-in 23,4%-ni təşkil edib.