RƏSMİ

25 May

Dövlət büdcəsindən mənzil-kommunal təsərrüfatına nə qədər pul xərclənib? - RƏSMİ

2020-ci ildə dövlət büdcəsindən mənzil və kommunal təsərrüfatına xərclərin 0,9 faizi həcmində və ya 245,7 milyon manat vəsait yönəldilib.

Bu, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində öz əksini tapıb.

Bildirilib ki, mənzil və kommunal təsərrüfatı xərcləri üzrə istifadə olunmuş vəsaitin 95,2 milyon manatı kommunal təsərrüfatı xərclərinə (illik müqayisədə 2,7 dəfə çox), 76,6 milyon manatı mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xidmətlərə (illik müqayisədə 7 faiz çox), 42,1 milyon manatı su təsərrüfatına (illik müqayisədə 9,2 dəfə çox), 31,8 milyon manatı mənzil təsərrüfatı xərclərinə yönəldilib.

Mənzil və kommunal təsərrüfatı xərclərindən digər xidmətlərin haqqının ödənilməsinə 16,4 milyon manat, abadlaşdırma xidmətləri haqqının ödənilməsinə 62,2 milyon manat, dövlət müəssisələrinə subsidiyaların verilməsinə 113,8 milyon manat, yaşayış binalarının əsaslı təmirinə 30 milyon manat vəsait sərf edilib.

Qeyd edilib ki, dövlət müəssisələrində satış tariflərinin məhsulun maya dəyərindən aşağı olması nəticəsində göstərilən xidmətlərə görə (su və istilik təchizatı, lift təsərrüfatı) yaranmış zərərin örtülməsi üçün “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 38 milyon manat, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinə 33 milyon manat, lift təsərrüfatına 5 milyon manat subsidiya ayrılıb.

© Oxu