Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəz Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurum olacaq.
Fins.az-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda müvafiq dəyişiklik edib.
Nazirlər Kabinetindən verilən izahda bildirilib ki, “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi” orqan donorluğu və transplantasiyanın təşkili və əlaqələndirilməsini həyata keçirəcək.
Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin siyahısı müəyyən olunacaq.
Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının 2020-ci il 20 oktyabr tarixli 189-VIQ nömrəli Qanununun tətbiqi barədə” 8 dekabr 2020-ci il tarixli fərmana əsasən, Nazirlər Kabineti Səhiyyə Nazirliyinin tabeliyində “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanuna uyğun olaraq, əlaqələndirici qurumun səlahiyyətlərini həyata keçirən publik hüquqi şəxs statuslu “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi”ni 6 ay müddətində yaratmalı və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli idi.