RƏSMİ

26 Aprel

"Dost ölkələrdən olan şirkətləri Lüksemburqdan dörd dəfə böyük olan ərazidə yenidənqurma işlərinə dəvət edirəm"

"İşğal dövründə Azərbaycanın bütün şəhər və kəndləri yerlə-yeksan edilmişdir. Xarici mütəxəssislər Ağdam şəhərini “Qafqazın Hirosiması” adlandırırlar. Ermənistan qəsdən mədəni və dini abidələrimzi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir. 60-dan artıq məscid Ermənistan tərəfindən dağıdılmışdır. Məscidlər inək və donuzların saxlanılması yerlərinə çevrilmişdir".

Fins.az xəbər verir ki, bunu aprelin 26-da BMT-nin qərargahı Tailandda yerləşən Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının "Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması" mövzusuna həsr edilən 77-ci sessiyasında  Prezident İlham Əliyev deyib.

"Hazırda qarşımızda işğaldan azad olunmuş ərazilərdə tamamilə dağıdılmış şəhər və kəndlərin, bütün mədəni və dini abidələrin bərpası kimi nəhəng vəzifə dayanır. Yenidənqurma prosesi çərçivəsində “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji” konsepsiyalarından istifadə olunacaq. Mən dost ölkələrdən olan şirkətləri işğaldan azad olunmuş, Lüksemburqdan dörd dəfə böyük olan ərazidə irimiqyaslı yenidənqurma işlərinə dəvət edirəm", - Prezident bildirib.