RƏSMİ

20 Aprel

Tələbələrə hansı hallarda akademik məzuniyyət veriləcəyi müəyyənləşib

Təhsilalanlara hansı hallarda və hansı müddətə akademik məzuniyyət veriləcəyi müəyyənləşib.

Bu, “Ali təhsil haqqında” qanun layihəsinin ilkin versiyasında əksini tapıb.

Layihəyə əsasən, akademik məzuniyyət təhsilalana aşağıdaki hallarda və müddətə verilir:

- müddətli həqiqi hərbi xidmətə çağırıldıqda – xidmət müddətində; 

- ailə vəziyyətinə görə - 2 il müddətinədək; 

- səhhətinə görə - həkim komissiyasının arayışında göstərilən müddətə; 

- sosial məzuniyyətə çıxdıqda – qanunvericiliklə müəyyən olunmuş müddətə; 

- müxtəlif proqramlar əsasında xarici ölkələrə təhsil almağa getdikdə - proqramda göstərilən müddətə. Ali təhsil müəssisəsi təhsilalana təhsil hərəkətliliyi proqramı çərçivəsində xarici dövlətlərin ali təhsil müəssisəsində kredit qazanmaqla təhsil aldığı müddətə ona akademik məzuniyyət verir və qazandığı kreditlər tanınır. Təhsilalan təhsil akademik məzuniyyətində olduğu müddətdə təhsil aldığı ali təhsil müəssisəsində tələbələr sırasında saxlanılır. Akademik məzuniyyətdən qayıdan şəxslər tədris prosesinə növbəti semestrdən buraxılırlar. Akademik məzuniyyətdən qayıtdıqda əvvəl təhsil aldığı ali təhsil müəssisəsində öz ixtisası üzrə kadr hazırlığı aparılmadıqda müvafiq icra hakimiyyəti orqanının razılığı əsasında tələbə həmin təhsil müəssisəsində digər ixtisas üzə tələbələr sırasına daxil edilə bilər. Akademik məzuniyyətdən qayıdan təhsilalan əvvəllər təhsil aldığı ixtisas üzrə təhsilini davam etdirmək istədikdə bu qanunun müvafiq tələblər gözlənilməklə digər ali təhsil müəssisəsinə köçürülə bilər.