Sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqi (hər səhifəyə görə), sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi və vətəndaşla fotoşəkildəki şəxsin eyniliyinin təsdiqi üçün dövlət rüsumunun məbləği dəyişib.
Fins.az-ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqi (hər səhifəyə görə), sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi və vətəndaşla fotoşəkildəki şəxsin eyniliyinin təsdiqi üçün 2 manat və sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi üçün hər səhifəyə görə əlavə 0,50 manat rüsum nəzərdə tutulur.
Layihəyə əsasən, sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqi (hər səhifəyə görə), sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi və vətəndaşla fotoşəkildəki şəxsin eyniliyinin təsdiqi üçün 1,5 manat və sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi üçün ikinci səhifədən başlayaraq hər səhifəyə görə 0,50 manat dövlət rüsumu tutulması təklif olunur.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.