Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov daxili işlər orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondunun sabiq icraçı direktoru, DİN-in mətbuat xidmətinin keçmiş rəisi təqaüddə olan polis polkovniki Sadiq Gözəlovu qəbul edib.
Fins.az-ın xəbərinə görə, nazir onun polis əməkdaşlarının fədakar fəaliyyətinin KİV-də təbliğ edilməsi və ictimaiyyətə obyektiv çatdırılmasında xüsusi əməyini xatırladaraq, gənc əməkdaşlara nümunə olacaq xidmət yolu keçdiyini bildirib.
Daha sonra V.Eyvazov təqaüddə olan polkovnikə uzun illər qüsursuz xidmətlərinə görə təltif olunduğu Daxili İşlər Nazirliyinin (DİN) “Fəxri fərmanı”nı təqdim edib.
Qeyd edək ki, S.Gözəlov daha əvvəl DİN-in mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2017-ci ildə həmin vəzifəsindən təqaüdə göndərilərək Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondunun icraçı direktoru təyin edilib.
Əməkdar jurnalistin fevralın 11-də 65 yaşı tamam olub. O, Əmək Məcəlləsinin 70-ci maddəsinə uyğun olaraq çalışmanın yaş həddinə çatdığına görə təqaüdə göndərilib.
© Report