RƏSMİ

18 Fevral

Mülki aviasiyada ziyanın qiymətləndirilməsi qaydası müəyyənləşib

Mülki aviasiya sahəsində mühüm əhəmiyyətli obyektlərin təsnifatlandırılması və müxtəlif təhlükələrin reallaşması zamanı dəyə biləcək ziyanın qiymətləndirilməsi qaydası müəyyənləşib. 

Fins.az-ın məlumatına görə, bu, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyasının təsdiqlədiyi “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda əksini tapıb. 

Qaydaya əsasən, mülki aviasiya sahəsində mühüm əhəmiyyətli obyektlərin təsnifatlandırılması hava limanlarının obyektlərinin kateqoriyalanması əsasında həyata keçirilir. Hava limanının mühüm əhəmiyyətli obyektlərinin kateqoriyalanması obyektlərin fiziki müdafiəsi və mühafizəsi üzrə bölünməsi və onların tələb olunan müdafiə standartlarına cavab verməsi məqsədilə həyata keçirilir.

 

Hava limanının mühüm əhəmiyyətli obyektlərinin kateqoriyalanması həmin obyektlərin təhlükəlilik dərəcəsini əks etdirən və obyektdə baş verə biləcək qəzalardan yaranan sosial-iqtisadi nəticələrin şərti indeksi olmasını nəzərə alaraq, bu nəticələr ziyan vurulmuş insanların sayı və iqtisadi ziyanın həcmi göstəricilərilə xarakterizə edilir. 

Sahə üzrə obyektlərin müəyyənləşdirilməsi zamanı mümkün qanunsuz müdaxilə aktı nəticəsində dəyə biləcək ziyanın həcmi hesablanır. Belə hesablamalarda təhdidin vura biləcəyi ən maksimal mənfi nəticələr nəzərdə tutulur. Obyektlərin kateqoriyalanması gələcəkdə onların müdafiəsinə ayrılan maliyyə xərclərinin optimal həcmini, dövlət tələblərinə uyğun olaraq hesablanmasına imkan yaradır.

Qanunsuz müdaxilə aktı nəticəsində dəyə biləcək ziyanın hesablanmış həcminə görə obyektlərin müvafiq kateqoriyalara bölünməsi meyarının əsasında mümkün sosial-iqtisadi ziyanın nəticələri durur.

Sosial-iqtisadi ziyanın - istehsalın məhsuldarlığının aşağı düşməsi - istehsalda dayanmalar, psixoloji sabitliyin pozulması kimi təzahürlər; cavab tədbirlərinin görülməsi - insidentin təhqiqatı ilə bağlı xərclər, hadisə ilə əlaqədar ictimai rezonansın yüksəlməsi; bərpa tədbirləri - avadanlıqların dəyişdirilməsi, məlumat bazasının yeniləşdirilməsi; sanksiyalar - məhkəmə məsrəfləri, istehsalatın müvəqqəti dayandırılması, müvafiq fəaliyyət üzrə lisenziyanın ləğvinin mümkünlüyü; rəqabət səviyyəsinin aşağı enməsi - müştərilərin itirilməsi, kommersiya sirrinin yayılması ehtimalının artması, rəqiblərin güclənməsi; və  nüfuzun itirilməsi - birjada müəssisənin aksiyalarının kursunun aşağı düşməsi, və digər iqtisadi problemlərin yaranması formaları mümkündür. 

Qanunsuz müdaxilə aktı nəticəsində dəyə biləcək ümumi sosial-iqtisadi ziyanın nəticələri  ayrı-ayrı sahələr üzrə dəymiş ziyanın toplanması ilə müəyyən edilir.