RƏSMİ

29 Yanvar

Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydası müəyyənləşib

Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydası məlum olub.

Baş nazir Əli Əsədovun imzaladığı “Əlilliyi olan şəxslərin reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi barədə qərara əsasən, qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna  əsasən hazırlanıb və əlilliyi olan şəxslərin reyestrinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi ilə əlaqədar hüquqi və təşkilati məsələləri tənzimləyir.

Reyestrdə əlilliyi olan şəxslər barədə fərdi məlumatların toplanılması, işlənilməsi, yayılması və verilməsi zamanı həmin fərdi məlumatların və müvafiq informasiya sistemlərinin mühafizəsi “Fərdi məlumatlar haqqında” Qanunu ilə və ona uyğun olaraq qəbul edilmiş normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydada həyata keçirilir.

Reyestrdə məlumatların toplanılması, işlənilməsi, sorğuların verilməsi və icrası, habelə informasiya sisteminin idarə olunması və mühafizəsi ilə bağlı əməliyyat tarixçələrinin elektron nəzarət-audit jurnallarında toplanılması (hesabatlılığı) təmin edilir.

Reyestrin fəaliyyətinin və məlumat mübadiləsinin təkmilləşdirilməsi məqsədilə profilaktik tədbirlər görülür.

İstifadəçi fiziki şəxslər özləri haqqında e-sosial internet portalında yaradılmış elektron kabinetləri vasitəsilə istifadəçi dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi şəxslər isə Qaydaların 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada Reyestrdən məlumat əldə edirlər.

İstifadəçilər Reyestrin fəaliyyəti ilə bağlı operatora təkliflər verə bilərlər.