Nazirlər Kabineti “Dövlət məktəbəqədər təhsil müəssisəsini maliyyələşdirmə normativləri”ni yeni redaksiyada təsdiq edib.
“Ştatda olan işçilərin əməkhaqqı” xərc normativinə ştatda olan işçilərin və qulluqçuların pul formasında aldıqları vəzifə (tarif) maaşı, vəzifə maaşına əlavə və istifadə edilməmiş məzuniyyətə görə kompensasiya (pul təminatı) ilə bağlı xərclər daxildir. “Əməyin ödənişi ilə bağlı digər pul ödənişləri” xərc normativinə işçilərə verilən mükafatlar, maddi yardımlar, həmçinin istirahət, bayram və ümumxalq hüzn günü işə çıxan işçilərə əlavə iş saatlarına görə verilən ödənişlərlə bağlı xərclər daxildir. Təhsilverənlərin (pedaqoji işçilər) və təlim-tərbiyə prosesində iştirak edən digər işçilərin əməkhaqqı hədləri Nazirlər Kabineti tərəfindən təsdiq edilən Vahid Tarif Cədvəlinə uyğun müəyyənləşdirilmiş əməyin ödənişi dərəcələri nəzərə alınmaqla, Əmək Məcəlləsinə uyğun olaraq təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçasına əsasən müəyyən edilir.
“Əməkhaqqına görə ayırmalar” xərc normativinə işəgötürənlərin “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına əsasən müəyyənləşdirilmiş hədlərdə sosial müdafiə ayırmaları üzrə xərcləri daxildir. Həmin ayırmalar hesabına formalaşan xərc müəssisədə çalışan işçilərə hesablanmış əməkhaqqı fonduna nisbətdə ödənilir.
İndiyə qədər qüvvədə olan normativlərə əsasən, həmin ayırmalar hesabına formalaşan xərc müəssisədə çalışan işçilərə hesablanmış əməkhaqqı fondunun 22 faizi miqdarında ödənilib. Yeni normativlərə əsasən, həmin ayırmalar hesabına formalaşan xərc müəssisədə çalışan işçilərə hesablanmış əməkhaqqı fonduna nisbətdə “Sosial sığorta haqqında” qanun ilə müəyyən edilən miqdarda ödəniləcək.
“Dövlət məktəbəqədər təhsil müəssisəsini maliyyələşdirmə normativləri”ni yeni redaksiyasında “İcbari dövlət sığortası”, “İcbari tibbi sığorta”, “İşsizlikdən sığorta” xərc normativlərinin hesablanması da əksini tapıb. “İcbari dövlət sığortası” xərc normativinə qanunvericiliyə uyğun olaraq istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ilə bağlı xərclər daxildir. Həmin ayırmalar hesabına formalaşan xərc müəssisədə əmək müqaviləsi əsasında çalışan işçilərə hesablanmış əməkhaqqı fondunun “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta tariflərinin müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin 2010-cu il 5 noyabr tarixli 200 nömrəli Qərarı ilə müəyyən edilmiş faizi miqdarında ödəniləcək.
“İcbari tibbi sığorta” xərc normativinə isə icbari tibbi sığorta ilə bağlı xərclər daxildir. Həmin ayırmalar hesabına formalaşan xərc müəssisədə çalışan işçilərə hesablanmış əməkhaqqı fonduna nisbətdə “Tibbi sığorta haqqında” qanun ilə müəyyən edilən miqdarda ödəniləcək. İcbari tibbi sığorta ilə bağlı xərclərin ödənilməsinin tətbiqinə başlanıldıqdan sonra həmin xərclər üzrə təqdim edilmiş sifariş əsasında vəsaitin proqnozlaşdırılması həyata keçiriləcək.
“İşsizlikdən sığorta” xərc normativinə işsizlikdən sığorta ilə bağlı xərclər daxildir. Həmin ayırmalar hesabına formalaşan xərc müəssisədə çalışan işçilərə hesablanmış əməkhaqqı fonduna nisbətdə “İşsizlikdən sığorta haqqında” qanunu ilə müəyyən edilən miqdarda ödəniləcək.
“Ərzaq məhsullarının alınması və təminatı” xərc normativinin hesablanması qaydası da dəyişib. İndiyə qədər qüvvədə olan normativlərə əsasən, dövlət məktəbəqədər təhsil müəssisələrində uşaqlar üçün ərzaq məhsullarının orta hesabla adambaşına düşən istehlak həcmi “Azərbaycan Respublikasında minimum istehlak səbətinin formalaşdırılması və yaşayış minimumunun hesablanması metodikası”nın “1. Ərzaq məhsulları” bölməsinə, satınalma qiymətləri isə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin “Qiymətlər və qiymət indeksləri bülleteni”ndə göstərilən qiymətlərə uyğun hesablanıb.
Yeni normativlərə əsasən, dövlət məktəbəqədər təhsil müəssisələrində uşaqlar üçün ərzaq məhsullarının orta hesabla adambaşına düşən istehlak həcmi Nazirlər Kabinetinin 2005-ci il 23 iyun tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibi”nin “1. Ərzaq məhsulları” bölməsinə, satınalma qiymətlərinin yuxarı həddi isə müvafiq dövr üçün müəyyən olunan real bazar qiymətlərinə uyğun olaraq həyata keçiriləcək.