RƏSMİ

19 Yanvar

Muxtar respublikanın gömrük orqanları büdcə öhdəliyini 101,1 faiz yerinə yetirib

Muxtar respublika gömrük orqanları 2020-ci il ərzində 24 milyon 956 min manat vəsait toplayaraq büdcə öhdəliyini 101,1 faiz yerinə yetirib. Toplanmış gömrük ödənişləri Naxçıvan Muxtar Respublikasının büdcə gəlirlərinin 21,4 faizini təşkil edib.

Bu faktları Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində keçirilən kollegiya iclasında komitə sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli səsləndirib.

Komitə sədri qeyd edib ki, hesabat dövründə 72 ölkə ilə ticarət əməliyyatları aparılıb, ixracın həcmi 1,9 faiz artıb. İxrac əməliyyatları, əsasən, Gürcüstan, İran İslam, Türkiyə, Əfqanıstan, Yəmən, Oman, İraq, Türkmənistan, ABŞ və Rusiya ilə həyata keçirilib.

Hüquqpozma hallarına qarşı mübarizənin gücləndirildiyini vurğulayan komitə sədri qeyd edib ki, bir cinayət tərkibli fakt üzrə tranzit olaraq Almaniyaya yük aparan nəqliyyat vasitəsindən 24 kiloqram tiryək aşkalanıb.

Vurğulanıb ki, muxtar respublikada “İxrac ili” olan 2020-ci ildə 4 yerli istehsal şirkətinə “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququ verilib. Qəbul edilmiş Dövlət proqramlarının icrası ilə əlaqədar xaricdən yerli istehsal sahələrinin və ailə təsərrüfatlarının formalaşdırılması və inkişaf etdirilməsi üçün gətirilən mallara gömrük güzəştləri tətbiq olunub.

Gömrük orqanları tərəfindən xaricdən idxal istiqamətində gətirilən malların, o cümlədən qida məhsullarının keyfiyyətinə ciddi nəzarət olunduğunu diqqətə çatdıran komitə sədri bu məqsədlə 70 tondan çox ərzaq və qeyri-ərzaq məhsulunun muxtar respublika ərazisinə buraxılmadığını qeyd edib.

İclas çıxışlarla davam edib.

© Azərtac