2021-ci il dövlət büdcəsinin gəlirləri cari müqayisədə 5,4 faiz çox olmaqla 25,4 milyard manat məbləğində nəzərdə tutulub, bu illə müqayisədə 6 tədiyə növü azalma, 13 növ üzrə artım proqnozlaşdırılıb, bir mənbədən gəlirlər isə sabit saxlanılıb.
Bu sözləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisdə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsinin müzakirəsi zamanı deyib.
Palata sədri deyib ki, bu istiqamətdə qeyd edilməli digər bir məqam gəlir mənbələrinə iki istiqamətin əlavə edilməsidir. Belə ki, əvvəlki illərlə müqayisədə ilk dəfə olaraq qeyri-neft sektoruna aid edilən digər mənbələr - Mərkəzi Bankın mənfəətindən 250 milyon manat məbləğində ayırmalar və dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfer 880 milyon manat vəsait büdcə gəlirlərinin tərkibində nəzərdə tutulub: “Dövlətin xərclərinin real sektordan yığılan vergi və digər icbari ödənişlər hesabına qarşılanması dərəcəsi, paralel olaraq xərclərin çəkilməsində neft gəlirlərindən asılılığın azaldılması bütün gəlirlərin mobilizasiyasını labüd edir. Beynəlxalq maliyyə təşkilatları tərəfindən artıq gəlirlərin orta müddətə mobilizasiyasının aktuallığı qeyd olunub, bu istiqamətdə strategiyanın hazırlanması tövsiyə edilib. Bu, gəlir daxilolmalarının kompleks şəkildə artırılması, gəlirlərin inzibatçılığının yüksəldilməsi və vergi siyasəti üzrə hədəflərin daha optimal formada idarə edilməsi, əsas məsələ olaraq isə gəlirlərin xərc prioritetlərinin icrasına əsaslı maliyyə zəmininin formalaşmasını təmin edər. Belə yanaşma, mütərəqqi təcrübədə icmal və dövlət büdcəsinin balansı üzrə müşahidə edilən fərqliliyi də hamarlaşdırmaq imkanlarını təqdim edir”.
"2021-ci ilin büdcə xərcləri (28,5 milyard manat) milli valyuta ifadəsində ən böyük göstərici olmaqla proqnozlaşdırılıb və ÜDM-ə nisbət göstərici də 37,7 faiz təşkil etməklə çoxdur. 2021-ci ilin dövlət büdcəsi vəsaitlərin strateji hədəflərin bu hədəflərin nail olunmasına yönəldilən vəsaitlərlə uyğunluğunu təmin etmək məqsədi daşıyan nəticə əsaslı büdcə prinsipinə keçidin ilkin mərhələsinin tətbiq edildiyi büdcədir. Belə ki, növbəti ildə 3 sektor üzrə vəsaitlər Orta Müddətli Xərclər Çərçivəsinə uyğun şəkildə proqnozlaşdırılıb. Bu çərçivə dövlət büdcəsinin proqramlılıq səviyyəsinin yüksəldilməsinə xidmət edir və artıq 2021-ci il üçün biz bunun şahidi oluruq. Dövlətin strateji hədəflərinə nail olunması istiqamətində resursların səmərəli istifadəsi və “resurs-hədəf” uyğunluğunun tam təmin olunması tətbiq edilən yanaşmaların mütəmadi təkmilləşdirilməsini zəruri edir. Hesablama Palatası proqram layihələrinin tərtibi, indikatorların cari şərtlərə uyğun şəkildə müəyyən edilməsi, xüsusilə Dövlət İnvestisiya Proqramı çərçivəsində mənbələrdən istifadə istiqamətində mümkün bütün imkanların istifadə olunmasını təmin edəcək addımların mərhələli şəkildə davam etdirilməsinin vacib olduğu qənaətindədir", - deyə V.Gülməmmədov diqqətə çatdırıb.
Növbəti ildə büdcə kəsirinin 3,1 milyard manat poqnozlaşdırıldığını vurğulayan palata sədri deyib: "Ümumiyyətlə, büdcə kəsiri və onun maliyyələşmə mənbələri növbəti illərdə diqqətdə saxlanacaq büdcə parametri hesab olunacaq. Kəsirin maliyyələşdirmə mənbələrindən biri kimi özəlləşdirmədən daxilolmalar növbəti ildə, əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə artımla proqnozlaşdırılıb. Nəzərdə tutulan vəsait (111 milyon manat) 2019-cu və 2020-ci ilin göstəricilərindən çoxdur. Alınan əlavə məlumatlar artımın strateji yol xəritələrində müəyyən edilmiş elektrik stansiyalarının və telekommunikasiya müəssisələrinin özəlləşdirilməsinə dair müvafiq sərəncamlardan verilməsindən sonra gözlənilən daxilolmalarla əlaqəli olduğunu göstərir. Müşahidə edilən artım fonunda 2022-2024-cü illər üçün özəlləşdirmədən yenidən daxilolma səviyyəsinin azalma ilə - cari il proqnozu həcmində nəzərdə tutulmasıdır. Göstərilən fərqli dinamika özəlləşdirmə sahəsində strategiyanın yenidən nəzərdən keçirilməsi vacibliyini labüd edir. Gələn ilin dövlət büdcəsinin fərqli məqamlarından biri də kəsirin maliyyələşməsi əsas mənbəyinin, əvvəlki illərdəki kimi, vahid xəzinə hesabının qalığı ilə deyil, borclanma ilə bağlı olmasıdır. Belə ki, 585 milyon manat məbləğində xarici borc məbləğinin sərbəst qalığa əlavə edilməsi və daxili borclanmadan daxilolmalar hesabına 2021-ci il büdcə kəsirinin 1 milyard 300 milyon manat məbləğinin maliyyələşdirilməsi nəzərdə tutulub. Ümumiyyətlə, 2021-ci ilin büdcəsi ilə birgə təqdim edilmiş məlumatlara görə, xarici valyuta nominallı borc öhdəliklərinin azaldılması və dəyişkən faiz dərəcəsi ilə cəlb olunan borcun ümumi portfeldə payı ilə bağlı strategiyada müəyyən edilən hədəflər gözlənilib".