RƏSMİ

22 Dekabr

DSMF dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik olacaq

Bakı 22 dekabr Fins.az

Dövlət Sosial Müdafiə Fondu dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik olacaq.

Bu, Milli Məclisin dekabrın 24-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, məcburi dövlət sosial sığortasının vəsaitləri vahid fondda cəmləşdirilir. Layihəyə əsasən, məcburi dövlət sosial sığortasının vəsaitləri Dövlət Sosial Müdafiə Fondunda cəmləşdiriləcək. Dövlət Sosial Müdafiə Fondu dövlətin mülkiyyətində olan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarəçiliyi həyata keçirilən dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik olan məqsədli dövlət maliyyə fondudur.

Qeyd edək ki, indiyə qədər olduğu kimi dəyişiklikdən sonra da Dövlət Sosial Müdafiə Fondunda cəmləşdirilən məcburi dövlət sosial sığortası sosial sığorta ödəmələrinin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanma xərclərinin və digər xərclərin maliyyələşdirilməsinə sərf ediləcək. Sığorta vəsaitlərinin başqa məqsədlərə yönəldilməsinə yol verilməyəcək.

Milli Məclisdə qəbul olunacağı təqdirdə bu qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minəcək.