Gələn ilin dövlət büdcəsində sosialyönlü xərclərin əsas istiqamətləri müəyyənləşib.
Bu, Maliyyə Nazirliyi tərəfindən Milli Məclisə təqdim edilən “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
2021-ci il üçün dövlət büdcəsinin sosialyönlü xərcləri (büdcə xərclərinin iqtisadi təsnifatına uyğun olaraq əməyin ödənişi, pensiya və müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının, ərzaq məhsullarının alınması xərclərinin cəmi) 11111,9 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2020-ci illə müqayisədə 563,8 milyon manat və ya 5,3 faiz çoxdur.
Sosialyönlü xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 38,9 faiz təşkil edəcək ki, bu da 2020-ci illə müqayisədə 0,6 faiz-bənd çoxdur.
Son 5 ildə (2016-2021-ci illər) bu xərclərin (büdcə xərclərinin iqtisadi təsnifatına uyğun olaraq əməyin ödənişi, pensiya və müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının, ərzaq məhsullarının alınması xərclərinin cəmi) dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 3,8 faiz-bənd, natural ifadədə isə 4874,8 milyon manat və ya 78,2 faiz artıb.