Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Kollegiyası “Dövlət xidmətlərinin “ASAN xidmət indeksi” üzrə qiymətləndirilməsi Qaydaları”nda dəyişiklik edib.
Fins.az-ın məlumatına görə, dəyişikliyə əsasən, dövlət xidmətlərinin “ASAN xidmət indeksi” üzrə qiymətləndirilməsi ilə əlaqədar yeni meyarlar müəyyənləşib.
Dövlət qurumlarının internet informasiya ehtiyatı vasitəsi ilə xidmət haqqında məlumat alma imkanı xidmətlə bağlı məlumatların təqdim edildiyi rəsmi internet informasiya ehtiyatının əlilliyi olan şəxslər üçün müyəssərliyinin tam təmin edilməsi və i rəsmi internet informasiya ehtiyatının əlilliyi olan şəxslər üçün müyəssərliyinin qismən təmin edilməsi meyarları ilə də qiymətləndiriləcək.
Bilavasitə xidmət sahəsində xidmətlə bağlı məlumatlandırma ilə əlaqədar qiymətləndirmə üçün aşağıdakı 5 yeni meyar müəyyənləşdirilib:
- Məlumat lövhəsinin (o cümlədən elektron və ya interaktiv) əlilliyi olan şəxslər üçün müyəssərliyinin təmin edilməsi;
- Məlumat lövhəsində (o cümlədən elektron və ya interaktiv) xidmətə dair məlumatların (tələb edilən sənədlərin tam siyahısı, ödəniş, icra müddəti) əlilliyi olan şəxslər üçün müyəssərliyinin təmin edilməsi;
- Məlumat lövhəsində (o cümlədən elektron və ya interaktiv) müraciət zamanı istifadə edilən ərizə və ya digər xüsusi formalar barədə (nümunələri göstərilməklə) məlumatın əlilliyi olan şəxslər üçün müyəssərliyinin təmin edilməsi;
- Nitq və eşitmə pozuntuları (məhdudiyyəti) olan əlilliyi olan şəxslər üçün xidmətlə bağlı məlumat verən və onların xidmət almasına kömək edən peşəkar surdo tərcüməçinin olması;
- Görmə və hərəkət pozuntuları (məhdudiyyəti) olan əlilliyi olan şəxslər üçün xidmətlə bağlı məlumat verən və onların xidmət almasına kömək edən əməkdaşın ayrılması.
Dövlət qurumlarının KİV vasitələrində məlumatlandırmanın həyata keçirilməsi üzrə fəaliyyəti qiymətləndirilərkən xidmətə dair çap məhsullarının və video çarxların əlilliyi olan şəxslər üçün müyəssərliyinin təmin edilməsi nəzərə alınacaq. Xidmət yerində müraciətlə əlaqədar qiymətləndirmə zamanı xidmət üzrə təşkil edilmiş elektron xidmətdə sənəd nümunələrinin (ərizə, blank və digər) elektron formasının interaktiv qaydada doldurulması imkanının təmin edilməsinə diqqət yetiriləcək.
Dövlət qurumlarında xidmətlərin təşkili ilə bağlı əməkdaşlara təlim keçilməsi qiymətləndirilərkən Təlim Mərkəzinin əlilliyi olan şəxslər üçün müyəssərliyinin tam və qismən təmin edilməsi, əlilliyi olan şəxslər üçün müyəssər olan formatlarda təlimlərin keçirilməsi və təlim materiallarının əlilliyi olan şəxslər üçün müyəssərliyinin təmin edilməsi meyarları nəzərə alınacaq. Dövlət qurumlarında şikayət və nəzarət mexanizmlərinin qiymətləndirilməsi üçün xidmət sahəsində danışma və eşitmə məhdudiyyətli əlilliyi olan şəxslərin şikayətlərini qeydə alan peşəkar surdo tərcüməçinin olması meyarı, vətəndaş məmnunluğunun təmin edilməsinin ölçülməsi üçün isə əlilliyi olan şəxslər üçün müyəssər olan formatlarda sorğuların keçirilməsi meyarı tətbiq olunacaq.
Qərar oktyabrın 30-dan qüvvəyə minib.