RƏSMİ

19 Dekabr

2020-ci ilə dövlət büdcəsi sosial müdafiəni daha da gücləndirəcək

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Qanun təsdiq olunub. Beləliklə, müstəqillik illərimizin ən böyük büdcəsi olan növbəti ilin baş maliyyə sənədi yanvar ayının əvvəlindən icra olunmağa hazırdır. Büdcə iqtisadiyyatın güzgüsüdür. Müstəqil olduğumuz 30 ilə yaxın bir zaman kəsiyində iqtisadiyyatımız və dövlətin əsas maliyyə sənədi olan büdcəmiz olduqca böyük bir inkişaf yolu keçə bilib. 

Bu uğurun təməli ötən əsrin 90-cı illərinin əvvəlində ulu öndər Heydər Əliyev tərəfindən qoyuldu. Dahi şəxsiyyət Azərbaycanı təkcə siyasi bataqlıqdan xilas etmədi. O, eyni zamanda, ölkənin dağılıb uçurumun kənarına gətirilən və illik 1800 faizə qədər hiperinflyasiya məngənəsində çapalayan iqtisadiyyatını düşdüyü ağır durumdan çıxarıb inkişaf relsləri üzərinə qoydu.

Hakimiyyətə gəldiyi 2 il ərzində ümummilli lider idarəçilik məharəti ilə belə dəhşətli inflyasiyanın ram edilməsinə və artıq 1995-ci ilin sonlarında onun, az qala, birrəqəmli göstərici səviyyəsinə enməsinə nail oldu. Bu, ölkə iqtisadiyyatının və onun maliyyə sisteminin uğurlu inkişafının başlanğıcı idi.

Müstəqil bir dövlət kimi 30 ildən az bir müddətdə büdcənin gəlir və xərclərinin 80 dəfəyə qədər artımı sürətli iqtisadi inkişafın parlaq ifadəsidir. Belə bir uğuru müstəqillik əldə edən heç bir ölkə bu qədər qısa zaman kəsiyində gerçəkləşdirə bilməyib. Bu nailiyyətin əsasında dayanan strategiyanın reallaşdırılmasına ulu öndər Heydər Əliyev tərəfindən 90-cı illərin əvvəlində başlanılıb və hazırda dövlətimizin başçısı İlham Əliyev yüksək səviyyədə davam etdirir.

İndi isə dediklərimizi rəqəmlərlə, faktlarla əsaslandırmağa çalışaq. Belə ki, müstəqilliyimizin 25 ili ərzində (1995-2020-ci illər) büdcəmizin gəlir və xərcləri, müvafiq olaraq, 76,2 dəfə və 60,8 dəfə artıb. Əslində, belə bir müqayisəni müstəqilliyin ilk illərinin büdcə göstəriciləri ilə aparsaq, onda dövlət büdcəsinin gəlir və xərclərinin 100 dəfəyə yaxın artdığının şahidi olarıq.

Azərbaycan Respublikasının 2020-ci il icmal büdcənin gəlirləri 27 milyard 533,2 milyon manat, xərcləri 29 milyard 488,3 milyon manat nəzərdə tutulmuşdur. İcmal büdcə gəlirləri ÜDM-ə nisbətdə 33 faiz, xərcləri isə 35,4 faiz proqnozlaşdırılır. Növbəti ilin icmal büdcəsinin kəsiri 19 milyard 55,2 milyon manat məbləğində və ya ÜDM-in 2,3 faiz nisbətində nəzərdə tutulmuşdur.

Gələn il dövlət büdcəsinin gəlirləri 24 milyard 134,5 milyon manat proqnozlaşdırılır ki, bu da ÜDM-in 29 faizi həcmində olmaqla, 2019-cu ilin proqnozu ilə müqayisədə 966,5 milyon manat və yaxud 4,2 faiz çoxdur. Bütövlükdə, cari illə müqayisədə 2020-ci ilin dövlət büdcəsinin gəlirlərinin 4,2 faiz artımı proqnozlaşdırılır. Lakin 2016-cı ilin iqtisadi və maliyyə böhranından sonrakı bir neçə il ərzində büdcə göstəricilərində real olaraq baş verən artımların ölçüləri bundan on dəfələrlə çoxdur.

Gələn ilin dövlət büdcəsinin gəlirləri 2017-ci ilin büdcəsinin faktiki gəlirlərindən 7 milyard 618 milyon manat və ya 46,1 faiz, xərcləri isə müvafiq olaraq 9 milyard 319 milyon manat və ya 53 faiz çox olacaqdır. İki il ərzində büdcənin gəlir və xərclərində belə böyük artımların baş verdiyi bir başqa nümunə tapmaq mümkün deyil.

Büdcədə neftin qiymətinin 2019-cu illə müqayisədə 8,3 faiz az (bir barel üçün 55 dollar) proqnozlaşdırıldığı halda, gəlirlərdə nəzərdə tutulan artım demək olar ki, bütövlükdə qeyri-neft sektoru hesabına təmin ediləcəkdir. Növbəti il üçün proqnozlaşdırılmış dövlət büdcəsinin gəlirlərinin tərkibində neft sektorunun payı 13 milyard 530,0 milyon manat və ya 56,1 faiz, qeyri-neft sektorunun payı isə 10604,5 milyon manat və ya 43,9 faiz təşkil edəcəkdir.

Növbəti ildə dövlət büdcəsinin gəlirlərinin artım templəri 2018- ci ilin faktiki və 2019-cu ilin gözlənilən icra göstəriciləri ilə müqayisədə isə belə olacaq: neft sektoru üzrə 2018-ci illə müqayisədə 1 faiz (129,5 milyon manat ) artım, 2019-cu ilin gözlənilən icrası ilə müqayisədə isə 1,2 faiz (170,3 milyon manat) azalma nəzərdə tutulur. Qeyri-neft sektoru üzrə isə müvafiq olaraq 2018-ci illə (fakt) müqayisədə 16,4 faiz və ya 1496,1 milyon manat, 2019-cu illə (proqnoz) müqayisədə isə 12 faiz və ya 1136,8 milyon manat artım proqnozlaşdırılır.

Gələn il dövlət büdcəsinə qeyri-neft sektorundan daxilolmaların ÜDM-da xüsusi çəkisi 12,7 faizə bərabər olmaqla onun artım tempi 2018-ci ilə nisbətən 1,3 faiz, 2019-cu ilə nisbətən isə 0,7 faiz təşkil edir. Eyni zamanda, növbəti il üçün dövlət büdcəsinin qeyri-neft sektorundan gəlirlərinin qeyri-neft ÜDM-də xüsusi çəkisi 19,4 faiz səviyyəsində proqnozlaşdırılır ki, bu göstərici də 2018-ci ilin eyni göstəricisi ilə bir səviyyədə olsa da, 2019-cu illə müqayisədə 0,4 faiz artıq olacaqdır.

Növbəti ildə 2019-cu illə müqayisədə fiziki şəxslərdən gəlir vergisi (880 milyon manat) 295 milyon manat artırılaraq 1175 milyon manat nəzərdə tutulmuşdur. Bu artım Dövlət Neft Fondundan transfertlər istisna olmaqla, cəmi gəlirlərdə proqnozlaşdırılmış 980,8 milyon manat artım məbləğinin 30,1 faizinə bərabərdir. Bu vergi növündən daxilolmaların artımı demək olar ki, tam məbləğdə büdcə təşkilatları, dövlətin adından yaradılan publik hüquqi şəxslər və səhmləri dövlətə məxsus olan hüquqi şəxslər hesabına gözlənilir.

Neft Fondundan transfertlərdən sonra dövlət büdcəsinin gəlirləri əsasən vergi yolu ilə təmin edilir. O da vurğulanmalıdır ki, 2016-2020-ci illər ərzində dövlət büdcəsinin gəlirlərinin tərkibində Dövlət Neft Fondundan daxilolmaların və Dövlət Gömrük Komitəsi xətti ilə yığımların xüsusi çəkilərində artımlar, vergilər xətti ilə büdcə daxilolmalarının xüsusi çəkisində isə azalmalar müşahidə olunmaqdadır.

Gələn ilin büdcəsində 2019- cu illə müqayisədə iqtisadiyyatla bağlı xərclərin xüsusi çəkisinin azalması, sosialyönümlü xərclərin isə artırılması proqnozlaşdırılmışdır. Növbəti ildə dövlət investisiya proqramına daxil olan layihələr üzrə əsaslı vəsait qoyuluşuna ümumilikdə, 4909 milyon manat (ondan 3958 milyon manat daxili, 951 milyon manat isə xarici kreditlər hesabına olmaqla) vəsaitin ayrılması nəzərdə tutulmuşdur ki, bu da cari ilin müvafiq göstəricisindən 32 faiz azdır. Dövlət bu sektora daha çox xarici investisiyaların cəlb edilməsini proqnozlaşdırır və bu məqsədlə olduqca ciddi addımların atılacağı gözlənilir. Bundan fərqli olaraq növbəti ildə sosialyönümlü siyasətin prioritetliyi saxlanılmaqla, bəzi sahələr üzrə əməkhaqlarının yenidən artırılması nəzərdə tutulur. 2019- cu ildə tətbiq olunmuş və 2020-ci ilə proqnozlaşdırılan artımlar üçün növbəti ilin dövlət və icmal büdcələrində 4 milyard manatadək əlavə vəsait nəzərdə tutulmuşdur. Bir sözlə, 2019-cu ilin mart və sentyabr aylarında əməkhaqlarının, pensiyaların, sosial müavinətlərin və təqaüdlərin artımını nəzərdə tutan tədbirlər 2020-ci ilin büdcəsində sosial təyinatlı xərclərin əsaslı şəkildə artması ilə nəticələndi. Bu sıradan olan tədbirlər içərisində minimum əməkhaqqının, təxminən, 2 dəfə artırılaraq 130 manatdan 250 manata, eləcə də minimum pensiyaların 72 faiz artırılaraq 116 manatdan 200 manata çatdırılması xüsusi qeyd olunmalıdır. Bütün bunlar nəzərə alınmaqla 2020-ci il üçün dövlət büdcəsinin sosialyönümlü xərcləri 10373,7 milyon manat məbləğində proqnozlaşdırılmışdır ki, bu da 2019-cu illə müqayisədə 2605,8 milyon manat və ya 33,5 faiz çoxdur.

     

7618
 
2017 İcra
2018 İcra
2019 proqnoz
2020 proqnoz
2017-2020
Dövlət büdcəsi gəlirləri, mln.manatla
16517
22508.9
23168
24134.5
Əvvəlki ilə nisbətən, %-lə
94.4
136.3
104.6
104.2
46.1
Dövlət büdcəsi xərcləri
17595
22731.6
25190
26913.7
9319
Əvvəlki ilə nisbətən %-lə
99.1
129.2
110.8
106.8
53

​​

Gələn il sosialyönümlü xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 38,5 faiz təşkil edəcəkdir ki, bu da 2019-cu illə müqayisədə 7,7 faiz çoxdur. Bütövlükdə isə son 5 ildə, yəni 2016-cı illə müqayisədə 2020-ci ildə dövlət büdcəsində sosialyönümlü xərclər 1,7 dəfə artıb. Bu, Azərbaycanın bir sosial dövlət olduğunu göstərən aşkar bir göstəricidir. 2018-ci ildə dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 1,4 faiz proqnozlaşdırılsa da, ilin sonuna faktiki kəsr ÜDM-n 0,3 faiz səviyyəsində olmuşdur. Bu göstəricinin 2019-cu ilin sonuna 2,6 faiz olacağı gözlənilir. Növbəti ildə büdcə kəsirinin 2779,2 milyon manat və ya ÜDM-ə nisbətən 3,3 faiz təşkil edəcəyi proqnozlaşdırılır. Büdcə kəsirinin 62 milyon manatı dövlət əmlakının özəlləşdirilməsindən daxil olan vəsaitlər, 100 milyon manatı daxili borclanmadan daxil olan vəsaitlər, 1666,2 milyon manatı 2020-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı, 951 milyon manatı isə xaricdən cəlb edilmiş kreditlər hesabına bağlanacaqdır. Əslində sonuncu mənbənin istifadə ediləcəyi az gözləniləndir. Çünki aparılan iqtisadi islahatlar ölkə daxilində daha geniş maliyyə mənbələrinin aşkara çıxarılaraq rəsmi dövriyyəyə cəlb edilməsinə imkan verir. Son iki il ərzində bu sahədə əldə olunan uğurlar bu fikirləri söyləməyə əsas yaradır. Bütövlükdə, 2020-ci ilin dövlət və icmal büdcələri Azərbaycanda yeni iqtisadi uğurların qazanılması və vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi istiqamətlərində dövlətin müəyyənləşdirdiyi hədəflərə çatmaq məqsədlərini reallaşdırmağa imkan verəcəkdir. 

 

Fikrət YUSİFOV,

iqtisad elmləri doktoru, professor