01 phrase_var_core.november

Əmək müfəttişliyi 590 min manat cərimə yazıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) avqust ayında əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti zamanı 1687 hüquq pozuntusu faktı aşkar edib. Nazirlikdən fins.az-a verilən məlumata görə, nəzarət zamanı hüquq pozuntularının aradan qaldırılması, işçi hüquqlarının bərpası üçün DƏMX tərəfindən müvafiq tədbirlər görülüb. Əmək qanunvericiliyinin tələblərini pozan işəgötürənlərə qarşı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələr tətbiq olunub. Ümumilikdə pozuntuya yol verənlərlə bağlı 588,3 min manat cərimə yazılıb. Cərimələrin 30,4 faizi, yəni 178 838 manatı artıq dövlət büdcəsinə ödənilib. Ümumilikdə işçi hüquqlarının təminatına dövlət nəzarətinin gücləndirilməsi, habelə işəgötürənlər arasında aparılan təbliğat-məlumatlandırma işlərinin müsbət nəticəsi kimi, əmək qanunvericiliyinin pozulması hallarının sayı cari ilin yanvar-avqust aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,7 faiz, o cümlədən avqust ayında 13,8 faiz azalıb.