Artıq 2018-ci ilin başa çatmasına 3 aydan bir qədər çox vaxt qalıb. Görəsən yeni ildə milli valyutamızdan yeni məzənnə görmək olar? Gələn ildən manat ucuzlaşa və ya bahalaşa bilərmi sualına iqtisadçı ekspert Vüqar Bayramov hər şeyin Mərkəzi Bankın "əlində" olduğunu bildirib.
Ekspertin sözlərinə görə, 2019-cu ildə də manatın dollara nisbətdə məzənnəsinin tənzimlənməsi Mərkəzi Bankdan asılı olacaq. Nəzərə alsaq ki, Mərkəzi Bank 2020-ci ildən tam üzən məzənnəyə keçəcək onda 2019-cı ildə də Mərkəzi Bankın manatın məzənnəsini m üəyyənləşdirəcəyini demək olar. 2019-cu ildən dollara tələbin artması da gözlənilir. Çünki 2019-cu ildə 2018-ci illə müqayisədə iqtisadi artım yüksək olacaq. Yeni ildə ötən illə yəni 2018-ci illə müqayisədə Azərbaycanın xarici borcunun artması gözlənilir. Lakin qəbul olunmuş strategiyaya əsasən demək olar ki, 2025-ci ilədək xarici borc azalmağa doğru gedəcək. Dünya bazarında dolların güclənəcəyi ilə bağlı proznozlar var. Rusiyaya tətbiq edilən sanksiyalar, Türkiyənin qərblə gərgin münasibətləri fonunda region ölkələrinin milli valyutalarının da dollar qarşısında zəifləmə ehtimalı var. Xüsusən də bizim üçün əhəmiyyətli olan Türkiyə və Rusiyadır. Çünki Azərbaycan qeyri-neft ixracatının 35% Rusiyanın , 24% Türkiyənin payına düşür və nəticədə sözü gedən ölkələrdə xüsusən də Rusiya rublunun sabitliyi Azərbaycan manatına təsir edən faktorlardan biridir. O baxımdan 2019-cu ildə regionda və eləcə də qlobal sahədə baş verən faktorlar dolların həm regional həm də dünya bazarında möhkəmlənəcəyi ehtimalını yüksəldir. Bu konteksdən təbii ki, manatın məzənnəsi dediyimiz kimi Mərkəzi Bankın mövqeyindən asılı olacaq və təbii ki, dollara tələbat artacaq. Amma artan tələb fonunda Mərkəzi Bank hansı qərarı qəbul edəcək bunu praktik olaraq proqnozlaşdırmaq mümkün deyil, çünki inzibati qərardır. Bütün hallarda manatın məzənnəsi Mərkəzi Bankın mövqeyindən asılı olacaq.
Müəllif: Xeybər Heydərov