30 Oktyabr

İpoteka ödənişini necə hesablamalı?

İpoteka ödənişinin aylıq məbləğini bilmək büdcənin daha düzgün planlaşdırılmasına kömək edən faktordur. Xüsusilə mənzil ipotekalarının məbləğinin kifayət qədər yüksək olduğunu nəzərə aldıqda aylıq ödənişin məbləği büdcəyə əhəmiyyətli təsir edir.

İpoteka məbləğinin hesablanması zamanı borc üzrə bəzi detallara diqqət etmək lazımdır. Detalları bildikdə isə bankların və digər təşkilatların təklif etdikləri ipoteka məbləğinə uyğun aylıq ödənişi vətəndaş şəxsən özü də hesablaya bilər. Ödənişlərin hesablanması üçün aşağıdakı verilənlərdən istifadə edilir:

  • İpoteka borcunun məbləği (və ya əsas borc)

  • İpoteka faizi

  • İlkin ödəniş

  • Ödəniş müddəti

  • Aylıq gəlir

Verilənlər məlum olduqda aylıq ödəniş bu düsturla hesablanır:

Aylıq ödəniş = Əsas borc / Diskont faktoru

Diskont faktoru = {[(1 + i) ^n] - 1} / [i(1 + i)^n]

Eyni zamanda aylıq ödənişlərdə əsas borc və faiz üzrə ödənişlərin də hesablanmasını vətəndaş şəxsən hesablaya bilər. Belə ki,

Borc üzrə hesablanmış aylıq faiz məbləği = Əsas borcun qalığı * illik ipoteka faizi/12

Əsas borc üzrə ödəniş = Aylıq ödəniş - Borc üzrə hesablanmış aylıq faiz məbləği

Nümunə üzərində qeyd edilən düsturun işləkliyini yoxlamaq olar. Hazırda İpoteka Fondu tərəfindən ipoteka kreditinin verilməsi şərtlərində (güzəştli ipotekalar istisna olmaqla) maksimal məbləğ 100 000 AZN, maksimal müddət 25 il, maksimal faiz 8%, ilkin ödənişin minimal həcmi isə əmlakın məbləğinin 15 %-i kimi müəyyənləşdirilmişdir. Fərz edək ki, vətəndaş 20 illik müddətə illik faizi 8% olan ipoteka krediti ilə bazar dəyəri (müstəqil qiymətləndirici tərəfindən dəyərləndirilmiş) 80 000 AZN olan mənzilə sahib olmaq istəyir. Tələb olunan ilkin ödənişin (banklar tərəfindən adətən ilkin ödəniş 20-30% aralığında tələb olunur) 25% olduğunu nəzərə alsaq, belə olan halda

  • Əsas borc = 80 000 – 80 000*25% = 60 000 AZN

müəyyənləşəcəkdir. Aylıq ödənişin məbləğini hesablamaq üçün diskont faktorunu tapaq.

  • i (aylıq faiz) = 8%/12=0.67%

  • n (ödəniş müddəti) = 20*12=240 ay

  • Diskont faktoru = {[(1 + 8%/12) ^240] - 1} / [8%/12(1 + 8%/12)^240] = 119.55

Diskont faktoru hesablandıqdan sonra aylıq ödənişin məbləğini yuxarıda qeyd etdiyimiz düstur vasitəsilə asanlıqla hesablaya bilərik:

  • Aylıq ödəniş = 60 000 / 119.55 = 501.86

Beləliklə, vətəndaş aylıq ödənişini hesablamaqla həm də müddət ərzində əldə etdiyi ipoteka kreditinə uyğun nə qədər ödəniş etdiyini müəyyən edə bilər. Bizim göstərdiyimiz nümunədə

  • Əsas borc üzrə cəmi ödəniş = 501.86*240 = 120 447

əsas borc üzrə cəmi ödəniş əsas borcdan təxminən 2 dəfə çoxdur. Müddət qısa olduqda qeyd olunan nisbət daha aşağı, uzun olduqda isə daha yuxarı olur.

Aylıq ödənişlərin əsas borca və faizə yönələn hissələrini də verilən nümunə üzrə hesablamaq mümkündür.

  • 1-ci ay üçün:

Borc üzrə hesablanmış aylıq faiz məbləği = 60 000 * 8%/12 = 400

Əsas borc üzrə ödəniş = 501.86 – 400 = 101.86

  • 2-ci ay üçün:

Borc üzrə hesablanmış aylıq faiz məbləği = (60 000-101.86) * 8%/12 = 399.32

Əsas borc üzrə ödəniş = 501.86 – 400 = 102.54

Hesablama bu qaydada davam etdirilə bilər. Qeyd olunan hesablamaları cədvəl formasına sala bilərik:

Aylar

Cəmi aylıq ödəniş

Əsas hissə

Faiz

Balans

1

501.86

101.86

400

59,898.14

2

501.86

102.54

399.32

59,795.59

3

501.86

103.23

398.64

59,692.37

4

501.86

103.91

397.95

59,588.45

5

501.86

104.61

397.26

59,483.84

.

-

-

-

-

.

-

-

-

-

.

-

-

-

-

238

501.86

491.96

9.91

993.8

239

501.86

495.24

6.63

498.57

240

501.86

498.57

3.32

0

Cəmi

120,447.37

60,000.00

60,447.39

Aparılan hesablamadan görünür ki, müddətin əvvəlində aylıq ödənişin böyük hissəsi faiz ödənişlərinin ödənilməsinə yönəlir. Aşağıdakı diaqramda vizual olaraq qalıq borcun necə azaldığını görmək olar.

Diaqramdan göründüyü kimi kredit üzrə əsas borcun ilk 10 ildə cəmi 30%-i, növbəti 10 ildə isə geri qalan 70%-i ödənilmiş olur. İpoteka krediti götürülən zaman vətəndaş qeyd olunanları nəzərə ala və hesablamalara nəzarət edə bilər.

Müəllif: Hikmət Əliyev

İpoteka kreditinin hesablanmasını bu link vasitəsiylə fins.az saytında da apara bilərsiniz.